Arastun Mehdiyev

Anahtar Kelimeler: Enerji Kaynakları, “Nabucco”, “Güney Gaz Koridoru”, Trans Anadolu Boru Hattı, Trans Adriyatik Boru Hattı

GİRİŞ

AzərbaycanRespublikasıbeynəlxalqenerjilayihələriningerçəkləşməsində Türkiyə ilə ilk dövrdən sıx əməkdaşlıq edir. Neft-qaz strategiyasının əsasını qoymuş “Əsrin müqaviləsk’ndə[1] və “Şahdəniz” qaz yatağı üzrə sazişdə[2] dost ölkənin TPAO şirkəti[3] iştirak payına malikdir. Türkiyə ərazisindən keçən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin və Cənubi Qafqaz qaz boru kəmərinin (Bakı-Tbilisi-Ərzurum) inşasında bu ölkənin “Botaş” şirkəti[4] mühüm rol oynamışdır. Hazırda hər iki boru xəttinin istismar əməliyyatlarına rəhbərlik edən şirkətlərin səhmdarları sırasında yenə də Türkiyənin TPAO və “Botaş” şirkətləri təmsil olunurlar.

Məhz Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə region ölkələrinə qaz ixracına başlaması Azərbaycanın daha geniş Avropa bazarlarına çıxışı üçün əlverişli zəmin yaratdı.Ölkənin zəngin qaz potensialı gələcəkdə ixracın həcmini artırmağa imkan verirdi. Eyni zamanda, alternativ qaz mənbələri axtarışında olan Avropa ölkələri Azərbaycanın enerji ehtiyatlarına getdikcə daha çox maraq göstərirdilər. Çünki Rusiyadan enerji asılılığının zəiflədilməsinə çalışan Qərb dövlətləri üçün qaz təchizatı mənbələrinin və marşrutlarının şaxələndirilməsi məsələsinin həlli vacib vəzifə idi. Bu sahədə göstərilən təşəbbüslər yeni enerji layihələrinin meydana çıxmasını şərtləndirirdi.

Nabukko.Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi üçün hələ 2002-ci ilin fevralında Türkiyə, Bolqarıstan, Rumıniya və Avstriyanın qaz şirkətlərinin danışıqları nəticəsində “Nabukko” adlı layihə irəli sürülmüşdü[5]. Həmin dövrdə bu kəmər vasitəsilə Avropanın əsas qaz təchizatçıları kimi İraq, İran və Yaxın Şərq ölkələri nəzərdə tutulurdu. Azərbaycan o zamanhələ qaz potensialı ilə tanınmırdı. Hətta öz daxili tələbatını ödəmək iqtidarında deyildi və xaricdən mavi yanacaq[6] idxal edirdi. Yalnız 2006-cı ildə “Şahdəniz”dən qaz hasilatının başlanması və Bakı-Tbilisi-Ərzurum boru kəmərinin istifadəyə verilməsilə Azərbaycan yeni qaz təchizatı mənbəyi kimi diqqət mərkəzinə gəldi. Digər tərəfdən, İraqda hökm sürən gərgin hərbi-siyasi vəziyyət və İranın nüvə proqramı ilə əlaqədar ABŞ-la kəskin xarakter almış münasibətləri həmin ölkələrin “Nabukko” layihəsi üzrə qaz təchizatçısı kimi çıxış etməsinə əngəl yaradırdı.

Meydana çıxan maliyyə-texniki və digər problemlərin həlli sahəsində qəti addımların atılmaması layihənin reallaşmasını ləngidirdi. Uzun müzakirələrdən sonra yalnız 2007-ci ildə “Nabukko” kəmərinin tikintisi üzrə beynəlxalq konsorsium yaradıldı. Konsorsiumun tərkibinə hər biri bərabər (16,67%) paya malik olan 6 üzv - Almaniyanın “RWE”, Avstriyanın “OMV”, Türkiyənin “Botaş”, Bolqarıstanın “Bulqarqaz”, Rumıniyanın “Transqaz”, Macarıstanın “MOL” şirkətləri daxil oldular[7].

Avropada Azərbaycan Dövlət Neft Şirkətinin də layihəyə qoşulmasına maraq ifadə olunsa da, Azərbaycanın bu kəmər ilə qaz ixrac etməsinə dair mövqeyi qətiləşmədiyinə görə, SOCAR-ın “Nabukko” səhmdarları sırasına daxil olması hələ müəmmalı görünürdü.

Bununla belə, Xəzər hövzəsi regionunda özünün geosiyasi maraqlarını fəal həyata keçirən ABŞ hökuməti nəinki Azərbaycanın, həm də Türkmənistanın bu layihəyə qoşulması üçün böyük səy göstərirdi. Belə ki, ABŞ Prezidenti Corc Buş 2008-ci ilin iyun ayında Prezident İlham Əliyevə göndərdiyi məktubda qeyd edirdi: “Azərbaycan dünya bazarlarının neft təchizatının artırılmasına başladığından, Amerika BirləşmişŞtatları və onun avropalı tərəfdaşları Azərbaycanda həm də qaz hasilatının genişləndiriləcəyinə ümid edir. İnanırıq ki, bu, Azərbaycanın strateji əhəmiyyətini artıracaq və Türkiyə - Yunanıstan -İtaliya və “Nabukko” qaz boru kəmərinin reallaşması iləAvratlantik Birliyi ilə əlaqələrini dərinləşdirəcəkdir. Azərbaycan Mərkəzi Asiya qazının gələcəkdə Avropa bazarlarına ixracatında da mühüm rol oynaya bilər”[8].

Azərbaycanın Şərq-Qərb enerji-nəqliyyat dəhlizində əhəmiyyətli coğrafi mövqe tutması, həm region, həm də Qərb ölkələri ilə qarşılıqlı-faydalı əməkdaşlığa təşəbbüs göstərməsi ona olan inamı gücləndirirdi.

2009-cu ilin yanvar ayında Rusiya ilə Ukrayna arasında yaranmış “qaz böhranı” nəticəsində Avropa ölkələrinə mavi yanacaq nəqlinin dayandırılması “Nabukko” layihəsinin aktuallığını daha da artırdı. Həmin dövrdə Rusiyadan ildə 150 mlrd. kubmetrdən çox qaz idxal edən Avropa soyuq qış günlərində kəskin yanacaq qıtlığı ilə üzləşdi. Çünki Qərb dövlətlərinin qaz idxalının yarıdan çoxu Rusiyanın payına düşürdü. Bu isə bütövlükdə Avropanın tələbatının 30%-ni təşkil edirdi[9].

“Qaz böhranı” Rusiyadan yan keçən “Nabukko” layihəsi üzrə danışıqların sürətləndirilməsinə təkan verdi. Lakin qeyd etmək lazımdır ki, “Nabukko” layihəsində bütün iştirakçı dövlətlərin öz maraqları var idi. Hər dövlət bu layihədən maksimum faydalanmağa çalışırdı. Maraqların uzlaşdırılması sahəsində çətinliklər isə danışıqlar prosesini uzadırdı.

Cənub qaz dəhlizi. 2011-ci il yanvarın 13-də Bakıda Prezident İlham Əliyev və Avropa Komissiyasının sədri Xose Manuel Barrozu “Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə”ni imzaladılar[10]. Bununla da Azərbaycan qazının Avropa bazarına çıxışı üçün mühüm siyasi razılaşma əldə olundu. Qarşılıqlı maraqlardan doğan bu sənəd əməkdaşlığın inkişafında yeni mərhələ açırdı.

Avropaya qaz ixracı ilə bağlı layihənin reallaşması Türkiyə ilə danışıqların nəticəsindən asılı idi. Nəhayət, 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri gedişində indiyədək gərgin müzakirələri yekunlaşdıran bir sıra sazişlər imzalandı. Beləliklə, imzalanmış sənədlər qazın alqı-satqısı və tranzitinə dair şərtləri tənzimləyərək, Azərbaycan qazının Türkiyə və Avropaya nəqli üçün əlverişli hüquqi baza yaradırdı[11].

“Bölgədə mövcud balansı dəyişdirəcək anlaşma” kimi qiymətləndirilən sazişlərə görə, Türkiyə “Şahdəniz-2” layihəsindən 6 mlrd. kubmetr qaz ala bilərdi. Ona bu qazı üçüncü ölkələrə satmaq (reeksport) hüququ verilirdi. Nəql olunacaq qazın 10 mlrd. kubmetri isə Avropaya ixrac edilməli idi[12].

Sazişdə diqqəti cəlb edən əsas məqamlardan biri yeni qaz boru kəmərinin inşasına dair maddənin razılaşdırılmasıdır. Bu qaz kəmərinin Azərbaycan və Türkiyə tərəfindən inşa edilməsi nəzərdə tutulurdu. İşlərin 2017-ci ilin sonunadək yekunlaşdırılması planlaşdırılırdı[13].

Beləliklə, iki ölkə yeni qaz kəməri tikintisi təşəbbüsü ilə çıxış edərək, Trans-Anadolu Qaz Kəməri (TANAP) ideyasının əsasını qoydu. Bu isə həqiqətən də regionda yeni enerji xəritəsinin çəkilməsi kimi qiymətləndirilir.

Əlbəttə, bu, Azərbaycan tərəfindən atılmış cəsarətli addım idi. “Nabukko” kəmərinin doldurulması üçün kifayət qədər qaz mənbələrinin təmin olunmaması onun maliyyələşdirilməsinə ciddi problemlər doğururdu. Həmin problemlər isə müzakirələrin uzanmasına, boru kəmərinin tikintisi ilə bağlı qərarın ləngiməsinə səbəb olurdu. Məsələn, 2011-ci ilin oktyabrında yenə də kəmərin istifadəyə verilməsi vaxtının 2017-ci ildən 2018-ci ilə keçirilməsi haqqında qərar qəbul olunmuşdu[14].

Belə şəraitdə Azərbaycan təşəbbüsü ələ alaraq, Türkiyə ilə birlikdə TANAP boru kəmərinin inşası məsuliyyətini öz üzərinə götürdü. Əks halda “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsinin yenə də təxirə salınması labüd idi. Bu isə Azərbaycanın iqtisadi və siyasi mənafelərinə ciddi zərbə vururdu. Buna görə də vəziyyəti düzgün qiymətləndirərək operativ qərar qəbul etmək lazım idi. Azərbaycan və Türkiyə yeni qaz boru kəmərinin - TANAP-ın inşasını maliyyələşdirmək barədə razılığa gələrək strateji əhəmiyyətli qərar qəbul etdilər.

Qaz ixracına nəzərdə tutulduğu vaxtda başlamaq üçün boru kəmərinin tikintisi ilə bağlı işlərin paralel olaraq uyğun rejimdə davam etdirilməsi zəruri idi. Bu baxımdan 2012-ci il iyunun 26-da İstanbulda Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə imzalanmış sənədlər mühüm əhəmiyyət kəsb edirdi[15].

Bu layihənin icrası Azərbaycan və Türkiyənin, habelə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə vacib töhfə kimi qiymətləndirilirdi. Qeyd etmək lazımdır ki, TANAP layihəsi Avropa ölkələrinin “Nabukko” ətrafında apardıqları uzunmüddətli səmərəsiz danışıqların məntiqi nəticəsi olaraq meydana çıxmışdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev deyirdi: “Biz görürdük ki, bu müzakirələr elə durmadan davan edir, amma ortada bir nəticə yoxdur. Həmişə olduğu kimi, ikitərəfli məsləhətləşmələr aparmaqla qərara gəldik ki, Türkiyə və Azərbaycan bu məsələdə liderliyi üzərinə götürməli və bu layihəni birlikdə icra etməlidirlər. Bu, sırf Türkiyə və Azərbaycanın layihəsidir”[16].

Qaz boru kəmərinin ilkin buraxılış gücü ildə 16 milyard kubmetr, sonrakı mərhələdə isə 24 milyard kubmetr və daha çox nəzərdə tutulurdu. Layihənin inşasına 7-10 milyard dollar sərf oluna bilərdi[17].

“Cənubi qaz dəhlizi”nin tərkib hissəsi olan TANAP Xəzər qazının Avropaya nəqlini təmin etməklə, Azərbaycanın beynəlxalq satış bazarlarına çıxışına və orada möhkəmlənməsinə şərait yaradırdı. Eyni zamanda, layihənin reallaşması Azərbaycanın və Türkiyənin iqtisadi potensialının, enerji təhlükəsizliyinin və strateji rolunun artmasına xidmət edirdi.

TANAP həm də Avropanın qaz təchizatında və bütövlükdə enerji təhlükəsizliyində tədricən mühüm amilə çevrilə bilərdi. Belə ki, bu kəmər Avropaya enerji daşıyıcılarının idxalı marşrutlarının şaxələndirilməsinə imkan verirdi. Bu isə müasir dövrün geosiyasi mənzərəsinin formalaşmasında əhəmiyyətli yer tuturdu.

TANAP-ın yalnız Azərbaycan və Türkiyə üçün deyil, həm də Avropaya faydalı olacağını yazan ABŞ-ın “Forbes” jurnalı qeyd edirdi ki, “əlverişli coğrafi vəziyyəti və etibarlı tərəfdaş adı Azərbaycana öz qaz ehtiyatlarından uğurla istifadə etməyə kömək göstərdi”[18].

Türkiyədən keçən yeni qaz boru kəməri layihəsinin meydana çıxması “Nabukko” layihəsinin dəyişikliyə məruz qalmasına və Türkiyə-Bolqarıstan sərhədlərindən başlayan “Nabukko Vest” variantına çevrilməsinə səbəb oldu.

Azərbaycanla Türkiyənin qarşılıqlı faydalı əməkdaşlığının təzahürü olan TANAP-ın həyata keçirilməsi sahəsində işlər sürətlə aparılırdı. Layihənin hüquqi bazasının yaradılması bilavasitə tikinti işləri mərhələsinə keçməyə yol açırdı.

2012-ci il dekabrın 18-də Bakıda SOCAR ilə imzalanmış ilkin çərçivə sazişinə görə, “BP” 12% pay əldə etməklə TANAP layihəsinə qoşuldu. Razılaşmanın bütün şərtlərini əks etdirən müqavilənin son variantı üzərində iş davam edirdi. Məsələ ilə bağlı yekun sənəd 2015-ci il martın 13-də Türkiyədə imzalandı[19]. Beləliklə, SOCAR (58%), “Botaş” (30%) və “BP”(12%) layihənin səhmdarları oldular. Başqa şirkətlər də boru kəmərinə maraq göstərsələr də, iştirakçılara qoşulmadılar.

Qeyd etmək lazımdır ki, “Şahdəniz” layihəsinin və Cənubi Qafqaz Boru Kəmərinin operatoru olan “BP”-nin və digər şirkətlərin TANAP-da iştirakı boru kəmərinin etibarlılığını artırır, onun uzunmüddətli fəaliyyətinə maliyyə və siyasi dəstəyin ifadəsi kimi qiymətləndirilirdi.

TANAP layihəsinin həyata keçirilməsi ilə bağlı intensiv işlərin aparıldığı vaxtda Azərbaycan qarşısında mavi yanacağın Türkiyə sərhədindən Avropaya nəql olunacağı iki marşrutdan - “Nabukko” və TAP-dan birinin seçilməsi kimi mühüm və mürəkkəb vəzifə dururdu. Bu isə artıq yalnız iqtisadi səciyyəli məsələ deyildi. Qərarın qəbuluna təsir edə bilən geostrateji və siyasi amillər özünü daha qabarıq şəkildə göstərməyə başlayırdı.

Bununla bağlı qeyd etmək lazımdır ki, 2013-cü il iyunun ortalarında “Nabukko” konsorsiumunun mətbuat üçün yaydığı məlumatda bildirilirdi ki, onun üzvləri Avstriya, Bolqarıstan, Macarıstan və Rumıniya prezidentlərinin həmin layihəni dəstəkləyən bəyanatlarını bəyənirlər. Məlumata görə, göstərilən ölkələrin prezidentləri Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanmış məktubda “Nabukko” qaz boru kəmərinin tikintisinə dəstək ifadə etmişdilər. Bu təşəbbüsə Türkiyə də qoşulmuşdu[20].

Azərbaycan həmin ölkələrlə sıx iqtisadi və siyasi əlaqələrə malik idi. Son illərdə bu dövlətlərin prezidentlərinin Azərbaycana ardıcıl səfərləri zamanı enerji daşıyıcıları sahəsindəəməkdaşlıq məsələləri diqqət mərkəzində olmuşdu. Lakin marşrut seçimində texniki və iqtisadi şərtlər, kommersiya sərfəliliyi və siyasi amilləri nəzərə alan Azərbaycanın maraqları əsas götürülə bilərdi.

Nəhayət, çoxdan gözlənilən qərar 2013-cü il iyunun 28-də elan olundu. “Şahdəniz” konsorsiumu Azərbaycan qazını Avropaya nəql etmək üçün Trans- Adriatik boru kəmərini (TAP) seçdiyini açıqladı[21].

Bununla da Azərbaycan qazının ilk dəfə Avropaya TAP vasitəsilə nəql olunacağı dəqiqləşdi. Eyni zamanda, Türkiyə, Yunanıstan, Albaniya və İtaliyanı birləşdirən TAP boru kəməri “Cənub qaz dəhlizi”nin formalaşmasında mühüm addım oldu. Bu kəmər həm də qismən Bolqarıstanın qaz təchizatında öz rolunu oynayacaqdı.

“Cənub qaz dəhlizi”nin fəaliyyətə başlaması Xəzər dənizindəki yeni qaz yataqlarının daha sürətlə işlənməsinə və Azərbaycana əlavə sərmayə yatırılmasına təkan verəcək, habelə TAP-ın keçdiyi ölkələrin iqtisadi inkişafına və enerji təhlükəsizliyinin güclənməsinə xidmət edəcəkdir.

“Şahdəniz” konsorsiumunun TAP layihəsinə üstünlük verməsi ABŞ, Böyük Britaniya və Avropa İttifaqı tərəfindən də dəstəkləndi[22]. Yəni Azərbaycanın strateji seçimi Qərb ölkələrinin ilkin gözləntiləri ilə üst-üstə düşməsə də, nəticə etibarilə onların maraqlarına uyğun idi.

TAP-ın Azərbaycan tərəfindən seçilməsi həm iqtisadi, həm də siyasi amillərlə bağlı idi. Əvvəla, TAP uzunluğu 1300 km-ə çatan “Nabukko Vest”dən 442 km qısa olduğu üçün tikinti xərcləri daha az olacaqdı. Həm də TAP-ın çıxacağı yunan və italyan bazarında qazın qiyməti Mərkəzi və Şərqi Avropa ölkələrinə nisbətən yüksək idi. Bu isə Azərbaycan üçün kommersiya baxımından daha sərfəli hesab olunurdu. Eyni zamanda, həmin bazarlarda Azərbaycan qazına tələbat böyük idi. Belə ki, ilkin mərhələdə nəql olunacaq həcmdən 3 dəfə çox, yəni 30 mlrd. kubmetr qaz alınması barədə təkliflər verilmişdi[23].

Bununla yanaşı, ekspertlər marşrutun seçilməsində siyasi amillərin də vacib rol oynadığını qeyd edirdilər. Onların fikrincə, Rusiya amilini nəzərə alan Azərbaycan “Qazprom”un güclü təsir dairəsinə daxil olan “Nabukko Vest” ölkələrini deyil, TAP marşrutunu seçməklə Şimal qonşusu ilə maraqların toqquşmasına yol vermədi[24].

Hadisələrin sonrakı gedişi də göstərdi ki, bu fikir həqiqətə uyğundur. Çünki TAP ilə nəql olunacaq 10 mlrd. kubmetr həcmində qaz Rusiyanın maraqları üçün elə bir təhlükə doğurmurdu. Buna görə də TAP layihəsi Rusiya tərəfindən daha sakit qarşılandı və Azərbaycanla ikitərəfli münasibətlərdə gərginliyə səbəb olmadı.

Qeyd etmək lazımdır ki, ekspertlər haqlı olaraq həm də “Şahdəniz” konsorsiumunun əsas iştirakçısı olan “BP” və “Statoyl”un Rusiya ilə qurulmuş qarşılıqlı münasibətlərində praqmatik mövqedən çıxış etdiklərini bildirirdilər. Onlar Avropa bazarında Rusiya ilə üz-üzə gələrək, bu ölkə ilə perspektiv əməkdaşlıq imkanlarını riskə məruz qoya bilməzdilər[25].

Beləliklə, “Şahdəniz” konsorsiumu TAP layihəsi ilə bağlı son qərarını verərkən, kommersiya maraqları ilə siyasi mənafeləri uzlaşdırmağa nail oldu.

Bunun ardınca sentyabrın 19-da Bakıda “Şahdəniz-2” layihəsinin icrasına yol açan çox mühüm sazişlər imzalandı. “Şahdəniz” konsorsiumu ilə Avropanın 9 şirkəti arasında imzalanmış uzunmüddətli qaz satışına dair sənədlərə görə, Azərbaycan 25 il ərzində Avropa ölkələrinə hər il 10 mlrd. kubmetrdən çox qaz satmalı idi[26].

Göstərilən həcmdə təbii qazın 2 mlrd. kubmetrinin bərabər surətdə Yunanıstan və Bolqarıstana, qalan hissəsinin isə İtaliyaya və ətraf bazarlara ixrac olunması nəzərdə tutulurdu. “Şahdəniz-2” layihəsi üzrə 2018-ci ildə hasil ediləcək qazın Avropa bazarına 2019-cu ildə daxil olması gözlənilirdi.

“Cənub qaz dəhlizi”nin bütün tərkib hissələrinin müəyyənləşməsi ilə bağlı müvafiq qərarların qəbul edilməsindən sonra onların həyata keçirilməsi üçün zəruri işlərin görülməsi tələb olunurdu.Məhz indiyədək görülmüş tədbirlərin məntiqi nəticəsi olaraq, 2013-cü il dekabrın 17-də Bakıda “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya qərarının imzalanması mərasimi keçirildi[27].

“Şahdəniz” layihəsinin ikinci mərhələsi və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə yekun investisiya sazişini SOCAR və “Şahdəniz” konsorsiumunun prezidentləri imzaladılar. Bununla yanaşı, mərasimdə həm də Azərbaycan, Albaniya, Xorvatiya və Macarıstan arasında əməkdaşlıq, “Cənub qaz dəhlizi” və “Cənub-Şərqi Avropa dəhlizi Anlaşma Memorandumu” imzalandı.

Qeyd olunan ölkələrlə bərabər, Gürcüstan, Türkiyə, Böyük Britaniya, ABŞ, Bolqarıstan və İtaliyanın hökumət rəhbərləri, nazir və digər yüksək səviyyəli nümayəndələrinin, habelə Avropa İttifaqının enerji məsələləri üzrə komissarının mərasimdə iştirakı imzalanan sənədlərin mühüm əhəmiyyət kəsb etdiyini bir daha təsdiqləyirdi.

“Şahdəniz” yatağının tammiqyaslı işlənilməsinin əhəmiyyətini nəzərə çarpdıran Prezident İlham Əliyev bu layihəni “XXI əsrin müqaviləsi” adlandırmışdır[28]. Çünki karbohidrogen ehtiyatlarına, geoiqtisadi və geosiyasi əhəmiyyətinə görə “Şahdəniz” layihəsi “Azəri-Çıraq-Günəşli” yataqları üzrə ilk neft müqaviləsi ilə müqayisə oluna bilər. Buna görə də Azərbaycan Prezidenti haqlı olaraq vurğulayırdı: “Bu layihə regionun və Avropanın enerji xəritəsini dəyişdirəcəkdir”[29].

“Cənub qaz dəhlizi” region ölkələri üçün mühüm siyasi, iqtisadi, sosial və strateji əhəmiyyət kəsb edirdi. Əvvəla, layihənin icrasına başlanılması həmin ölkələrin iqtisadiyyatına irihəcmli sərmayə qoyuluşuna yol açırdı. Ümumiyyətlə, yatırılacaq investisiyaların həcmi 45 milyard dollar səviyyəsində qiymətləndirilirdi. Bu isə öz növbəsində marşrutun keçdiyi ölkələrdə 30 mindən çox iş yerinin açılmasına şərait yaradırdı. Bunun da 10 mini Azərbaycanın payına düşürdü[30].

Eyni zamanda, Azərbaycan Avropanın bazarlarına birbaşa çıxış əldə edərək, digər qaz yataqlarında - “Abşeron”, “Ümid”, “Babək” və s. intensiv hasilat işlərinə başlamaq üçün imkan qazanırdı. Layihənin həcmi qaz sənayesinin və infrastrukturun inkişafına yeni təkan verməli idi.

“Cənub qaz dəhlizi” layihəsinin reallaşması tranzit ölkə kimi çıxış edən Gürcüstana heç bir maliyyə vəsaiti sərf etmədən gəlir əldə etməyə, təbii qaza olan ehtiyacını ödəməyə, yeni iş yerləri hesabına sosial problemlərin həlli sahəsində irəliləyişə nail olmağa imkan yaradırdı.

Türkiyə də öz növbəsində Azərbaycandan daha ucuz qiymətə qaz alaraq, mavi yanacaq ehtiyaclarının aradan qaldırılmasıyla yanaşı,sosial-iqtisadi inkişafa təsir göstərən ciddi vasitə əldə edirdi. Bu ölkənin enerji və təbii ehtiyatlar naziri T.Yıldızın bildirdiyinə görə, yalnız TANAP boru kəmərinin çəkilişindən Türkiyə 4 mlrd. dollar həcmində iqtisadi səmərə qazanacaqdı[31]. Bu özünü ölkənin iqtisadi və logistika imkanlarından, işçi qüvvəsindən, ticarət şəbəkəsindən və s. istifadə olunmasında göstərəcəkdi.

Qeyd edilənlərlə yanaşı, layihənin uğurla həyata keçirilməsi Azərbaycan, Gürcüstan və Türkiyənin geosiyasi mövqelərinin möhkəmlənməsində ciddi rol oynayan amil kimi qiymətləndirilməlidir.

“Cənub qaz dəhlizi” Avropa ölkələri üçün də mühüm siyasi və iqtisadi əhəmiyyətə malik idi. Belə ki, onlar Azərbaycanın timsalında yeni qaz mənbəyinə çıxış əldə edirdilər. Xəzər dənizindəki yataqlardan idxal olunan qaz Avropanın enerji təhlükəsizliyinin artmasına öz töhfəsini verəcəkdir. Bu fikir Avropa ölkələri və ABŞ nümayəndələrinin Bakıdakı mərasimdə çıxışlarında xüsusi vurğulanırdı.

Həmin ölkələr sırasında Albaniya özünəməxsus yer tuturdu. Məhz mənbəyini Azərbaycandan götürən boru kəməri hesabına Albaniyanın qazlaşdırılması prosesinə başlamaq mümkün olacaqdı.

“Şahdəniz-2” layihəsi üzrə yekun investisiya sazişi imzalandıqdan sonra Azərbaycan hökuməti bütün diqqətini “Cənub qaz dəhlizi” layihəsinin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə yönəltdi. Bu məqsədlə lazımi idarəetmə mexanizminin qurulması və maliyyə mənbələrinin təmin olunması üçün Azərbaycan Prezidenti 25 fevral 2014-cü ildə “Şahdəniz” qazkondensat yatağının istismarının ikinci mərhələsi və “Cənub qaz dəhlizi”nin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” sərəncam imzaladı[32].

Sərəncama əsasən, “Cənub qaz dəhlizi”nə aid layihələrin səmərəli idarə olunması məqsədilə SOCAR-a qapalı səhmdar cəmiyyəti yaradılması tapşırılırdı. Nizamnamə kapitalı 100 mln. dollar təşkil edən cəmiyyətin səhmlərinin 51 faizi dövlətə, 49 faizi isə SOCAR-a məxsus idi.

“Cənub qaz dəhlizi”nin tərkib hissələri olan “Şahdəniz-2”, CQBK, TANAP və TAP layihələrinin səhmdar şirkətləri öz strategiyalarına uyğun surətdə konkret addımlar ataraq, ilk növbədə, kommersiya maraqlarının qorunmasına üstünlük verirdilərsə, həmin layihələrin keçdiyi ölkələr, əlbəttə ki, enerji təhlükəsizliyinin səmərəli və uzunmüddətli təmin olunmasına çalışırdılar. Ona görə də “Cənub qaz dəhlizi”nin tezliklə həyata keçirilməsi bütün tərəflərin mənafelərinə uyğun idi. Bu baxımdan 2014-cü il sentyabrın 20-də Bakı yaxınlığında yerləşən Səngəçal terminalında “Cənub qaz dəhlizi”nin təməlqoyma mərasiminin keçirilməsi layihənin icrasında mühüm mərhələnin başlanğıcı kimi böyük əhəmiyyət kəsb edirdi.

Mərasimdə çıxış edən müxtəlif dövlətlərin yüksək səviyyəli təmsilçiləri “Cənub qaz dəhlizi”nin Avropa ölkələrinin enerji təhlükəsizliyində oynayacağı rolu xüsusi olaraq vurğuladılar. Bolqarıstanın 2009-cu ildəki qaz böhranından ciddi ziyan çəkdiyini qeyd edən bu ölkənin Prezidenti R.Plevneliyev dedi: “Bizim ölkə bir kəmərdən asılı idi və heç bir alternativimiz yox idi. Bolqarıstan iqtisadiyyatı ayda yüzlərlə milyon avro zərər çəkirdi. Alternativ mənbələrin təmin edilməsi bizim üçün milli maraq əhəmiyyətli məsələ və enerji marşrutunun şaxələndirilməsi başlıca prioritet idi... “Cənub qaz dəhlizi” bu illər ərzində yaşanmış asılılığın sonu olacaq. Bizim regionu və daha geniş məkanı - Avropanı asılılıqdan azad edəcək”[33].

Layihənin gerçəkləşməsinin ölkə üçün həyati əhəmiyyətli məsələ olduğunu qeyd edən Prezident R.Plevneliyev Bolqarıstanı Yunanıstanla birləşdirən qaz kəmərinin inşasının 2016-cı ilə qədər başa çatacağını, Bolqarıstan-Türkiyə boru kəmərinin isə tezliklə tikilməsi üçün çalışacaqlarını bildirdi.

Avropa Birliyinin mövqeyini ifadə edən X.Barrozunun da fikirləri diqqəti çəkir: “Bu layihə yalnız kəmər deyil, XXI əsrin mühüm strateji enerji dəhlizidir. Bu, sözün əsil mənasında, geostrateji bir layihə olacaq”[34].

Beləliklə, “Cənub qaz dəhlizi”nin təməlqoyma mərasiminin “Əsrin müqaviləsi”nin 20 illik yubileyinə təsadüf etməsi həm də rəmzi məna daşıyırdı. Bütün cəhətlərinə görə ilk neft müqaviləsi və BTC-nin regiondakı əhəmiyyətli rolu ilə müqayisə oluna biləcək “Cənub qaz dəhlizi”nin təməlinin qoyulması Azərbaycanda qaz erasının başlanğıcına yol açırdı.

Lakin layihənin uğurla irəliləməsi Avropa ölkələrində bəzi qrupların narahatlığına səbəb olur, ona əngəl törədilməsi üçün müxtəlif bəhanələrə əl atırdılar. BTC-nin tikintisi dövründə olduğu kimi, indi də əsas arqument qismində ekologiya, ətraf mühitin qorunması və tarixi abidələrin mühafizəsi məsələləri istifadə olunurdu. Bu dəfə eyni vasitələr daha çox “Cənub qaz dəhlizi” layihəsinin sonuncu seqmenti olan TAP kəmərinə qarşı yönəldilmişdi.

İtaliyada və qismən də Yunanıstanda boru kəməri əleyhinə aparılan kampaniyada yuxarıda göstərilən “arqumentlər”lə yanaşı, həm də layihə üçün torpaq sahələrinin satın alınmasında korrupsiya hallarına yol verilməsi ilə bağlı iddialar irəli sürülürdü[35].

Bu kampaniyanın əsas icraçıları müəyyən siyasi partiyalar və QHT-lər idi. Lakin onlar yenə də öz məqsədlərinə çatmadılar. Aparılan araşdırmalar həmin iddiaların heç bir əsası olmadığını sübut etdi. Tikinti işləri ləngisə də, onu dayandırmaq mümkün olmadı.

Süni maneələrin aradan qaldırılmasına baxmayaraq, alternativ marşrutların çəkilməsi “Cənub qaz dəhlizi”nin fəaliyyətinə və perspektiv inkişafına əngəl törədə bilərdi. Belə ki, həmin dövrdə Rusiyadan Qara dənizin dibi ilə Türkiyə sularından və Bolqarıstan ərazisindən keçməkləAvropaya çəkilən “Cənub axını” kəmərinin inşası Avropa İttifaqının təzyiqləri nəticəsində dayandırıldı. Bolqarıstanın tikintiyə icazə verməkdən imtina etməsinə görə, Rusiya Prezidenti V.Putin 2014-cü il dekabrın ilk günlərində Ankaraya səfəri zamanı “Cənub axını” layihəsinin reallaşmayacağını bildirdi[36].

Bunun əvəzində “Qazprom” kəmərin Qara dənizin dibi ilə Türkiyəyə qədər uzadılması və Türkiyə-Yunanıstan sərhədindən qazın Avropa ölkələrinə satılması variantını nəzərdən keçirməyə başlamışdı. Belə olan halda “Cənub qaz dəhlizi” ilə eyni bazarlara çıxan “Türk axını” adını almış bu kəmər ciddi rəqabət yarada bilərdi.

Buna baxmayaraq, Azərbaycan hökuməti “Cənub qaz dəhlizi” layihəsinin vaxtında icra olunması üçün zəruri tədbirləri görürdü. Məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə 2015-ci il fevralın 12-də Bakıda “Cənub qaz dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ilk iclası keçirildi. Layihəyə qoşulmuş ölkələrin energetika nazirlərinin, Aİ, ABŞ, Böyük Britaniya, habelə beynəlxalq maliyyə qurumları nümayəndələrinin iştirakı ilə təşkil olunmuş görüşdə “Cənub qaz dəhlizi”nin qrafikə uyğun şəkildə həyata keçirilməsi üçün qarşıda duran vəzifələr və onların həlli yolları müzakirə edildi[37].

Azərbaycan “Cənub qaz dəhlizi”nə yalnız kommersiya layihəsi kimi yanaşmırdı. 2015-ci ildə dünya bazarında neftin bir barrelinin qiymətinin 50 dollardan aşağı düşməsi enerji layihələrinə maliyyə problemi yaradırdı. Lakin vaxtilə BTC İxrac Boru Kəmərinin tikintisi ilə bağlı məsələlərin həll olunduğu dövrdə neftin qiymətinin kəskin şəkildə enməsinə baxmayaraq, Azərbaycan və onun tərəfdaşlarının siyasi iradəsi nəticəsində layihəni reallaşdırmaq mümkün oldu. Buna görə də Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında qeyd edirdi ki, enerji daşıyıcılarının qiymətinin aşağı düşməsi “Cənub qaz dəhlizi” layihəsinin kommersiya baxımından dayanıqlı olmasını çətinləşdirsə də, ona iştirakçı ölkələrin enerji təhlükəsizliyinə və nəticə etibarilə milli təhlükəsizliyinə xidmət edən ideya kimi yanaşılmalıdır[38].

Məsələlərin həlli ilə bağlı prinsipial və konstruktiv mövqeyini saxlayan Azərbaycan “Cənub qaz dəhlizi”nin də gerçəkləşməsi sahəsində iştirakçı ölkələrdən qətiyyət və ardıcıllıq göstərilməsinin tərəfdarı idi.

Məşvərət Şurasının birinci iclasında çıxış edən Avropa Komissiyasının enerji məsələləri üzrə sədr müavini M.Şevçoviç vaxtilə “Nabukko” layihəsi ilə bağlı kifayət qədər siyasi dəstək və əlaqələndirmə mexanizminin çatışmadığını etiraf edərək, indi səhvlərin aradan qaldırılmasının zəruriliyini bildirdi. O, “Cənub qaz dəhlizi”nin əhəmiyyətini əsaslandıraraq qeyd edirdi: “Bu gün Avropa İttifaqında apardığımız hesablamalara görə, istifadə etdiyimiz qazın 65 faizi, neftin isə 90 faizi idxal edilir. Gələcəkdə Avropa İttifaqına idxal edəcəyimiz qazın həcmi 84 faiz, neftin həcmi isə 94 faiz olacaq”[39].

Buna görə də M.Şevçoviç məsələnin aktuallığını nəzərə alaraq, yol xəritəsinin tərtib olunmasını təklif etdi və həmin cədvələ uyğun işləməyin vacibliyini bildirdi.

Məşvərət Şurasının iclasında “BP” şirkətinin regional prezidenti Q.Birrellin də fikirləri maraqla qarşılandı. O, layihənin əhəmiyyətini qeyd edərək dedi: “Bu layihə neft və qaz sənayesi sahəsində meqalayihədir. Hazırda bu, ola bilsin, dünyanın 3-cü və ya 4-cü ən iri enerji layihələrindən biridir. Bu, Avropa və Türkiyə üçün yeni enerji mənbəyidir”[40].

Beləliklə, işgüzar mühitdə keçən müzakirələr “Cənub qaz dəhlizi” layihəsinin icrası ilə bağlı işlərin yerinə yetirilməsinə təkan verdi.

Nazirlərin Bakıdakı görüşündən bir ay sonra - martın 17-də Türkiyənin Qars vilayətində Türkiyə, Azərbaycan və Gürcüstan prezidentlərinin iştirakı ilə Trans-Anadolu boru kəmərinin təməlqoyma mərasimi keçirildi[41].

Bununla da Azərbaycan - Gürcüstan - Türkiyə qarşılıqlı əməkdaşlığında yeni mərhələyə keçidin əsası qoyuldu. Enerji və nəqliyyat-kommunikasiya sahəsində regional əlaqələr daha da möhkəmlənir və inkişaf edirdi. Əməkdaşlıq formatı isə geniş xarakter alırdı. Bu formata digər ölkələrin - Yunanıstan, Albaniya, İtaliya və Bolqarıstanın qoşulması üçün əlverişli imkanlar açılırdı. ABŞ hökumətinin də siyasi mövqeyi TANAP və başqa layihələrin taleyində ciddi rol oynayırdı. Dövlət Departamentinin xüsusi nümayəndəsi A.Hokştayn mərasimdə çıxış edərək bildirdi: “ABŞ hökuməti bu layihənin mühüm əhəmiyyətə malik olduğuna inanır və Avropada enerji təhlükəsizliyinə sadiqdir. Buna görə də ABŞ hökuməti “Cənub qaz dəhlizi” kimi layihənin TANAP və TAP vasitəsilə reallaşmasının öz milli təhlükəsizlik maraqlarına uyğun olduğunu düşünür”[42].

Beləliklə, yuxarıdakı fikri layihəyə verilən çox aydın və qətiyyətli siyasi dəstəyin ifadəsi kimi qiymətləndirmək olar.

Qərbin böyük dəstəyi ilə TANAP-ın tikintisinə başlanmasına baxmayaraq, onun davamı hesab edilən TAP layihəsi ilə bağlı maneələr hələ də aradan qalxmamışdı. Yunanıstan hökumətinin boru kəmərinin inşası haqqında qərar qəbul etməməsi layihənin icrasını ləngidirdi. Bununla da kəmərlə Azərbaycan qazının Avropaya nəql olunması 2019-cu ildən 2021-ci ilə keçirilirdi[43].

Yunanıstan üzləşdiyi maliyyə-iqtisadi problemlərin həlli üçün TAP layihəsindən təzyiq vasitəsi kimi istifadə edirdi. Qərbin etirazına baxmayaraq, yunan hökuməti TAP-la bağlı mövqeyini sərtləşdirərək “Türk axını” layihəsini dəstəkləyir və Rusiya ilə danışıqlar aparırdı. Rusiya isə öz növbəsində Yunanıstanı şirnikləndirmək məqsədilə güzəştə gedərək layihənin bu ölkənin ərazisindən keçən hissəsinin maliyyələşdirilməsinə 2 milyard dollar ayırmağa hazır olduğunu bildirirdi[44].

Aparılan danışıqların yekunu olaraq, hətta 2015-ci il iyunun 19-da Rusiya ilə Yunanıstan arasında “Türk axını” qaz boru kəmərinə dair Anlaşma memorandumu imzalandı[45].

Avropa üçün qaz bölüşdürücü məntəqə kimi öz mövqeyini gücləndirməyə çalışan Türkiyə də “Türk axını” layihəsinə dəstək verirdi. Rusiya ilə intensiv danışıqlar aparan Ankaranın məqsədi həm də bu ölkədən daha ucuz qiymətə qaz almaq üçün güzəştlərin qoparılmasına nail olmaq idi. Buna görə də Türkiyə TANAP ilə “Türk axını” layihələrinin bir-birinə rəqib olmadığını israrla bəyan edirdi[46].

Azərbaycan tərəfi də iki layihənin rəqib olmadığını bildirirdi[47]. Lakin bu fikir daha çox öz layihəsinin maneəsiz irəliləməsinə nail olmaq üçün ehtiyatlı mövqe kimi qiymətləndirilə bilərdi.

Bununla belə, 2015-ci il iyulun əvvəllərində məlum oldu ki, Rusiya ilə Türkiyə arasında qaz alqı-satqısı üzrə kommersiya məsələlərinə dair fikir ayrılığını aradan qaldırmaq mümkün olmamışdır. Buna görə də Türkiyə “Türk axını” boru kəmərinin tikintisinə razılıq verməmiş və layihə ilə bağlı işlər dayandırılmışdır[48].

Əlbəttə, Türkiyənin bu məsələdə sərt mövqe tutmasında Avropa İttifaqının da təsiri öz rolunu oynamışdı.

“Cənub qaz dəhlizi” üzrə işlər isə davam etdirilirdi. Yükün böyük hissəsini öz üzərinə götürən Azərbaycan layihənin maliyyələşdirilməsinə dair öhdəliklərini vaxtında yerinə yetirmək üçün lazımi tədbirlər görürdü. 2015- ci ilin iyul ayında “Cənub qaz dəhlizi” QSC-nin nizamnamə fondu ARDNF- in hesabına 725 mln. dollara çatdırıldı[49]. Bu isə layihə çərçivəsində boru kəmərinin, xüsusilə TANAP-ın tikintisinin qrafik üzrə davam etdirilməsinə imkan verirdi.

Eyni zamanda, Avropa Komissiyası da layihəyə diqqəti azaltmırdı. Avropa İnvestisiya Bankının 2015-ci ilin avqustunda yaydığı məlumata görə, enerji təhlükəsizliyində rolu nəzərə alınaraq, “TAP boru kəməri Avropa Komissiyasının ortaq maraqlara xidmət edən 33 prioritet enerji təhlükəsizliyi siyahısına daxil edilmişdi”[50].

Layihənin üzləşdiyi problemlərin aradan qaldırılmasında “Cənub qaz dəhlizi” Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin toplantısı əhəmiyyətli rol oynayırdı. Azərbaycanın təşəbbüsü ilə yaradılmış bu format layihə ilə bağlı olan bütün dövlətlərin və maraqlı tərəflərin müzakirələrdə iştirakını təmin etməklə, səmərəli koordinasiyanın həyata keçirilməsinə imkan verirdi.

Bu baxımdan 2016-cı il fevralın 29-da Bakıda keçirilən Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci toplantısını qeyd etmək olar. Ötən il ərzində görülən işləri qiymətləndirən iclas növbəti dövr üçün fəaliyyət proqramını müəyyənləşdirdi. İştirakçılar layihənin qrafik üzrə irəlilədiyini qeyd edərək, bundan sonra da birgə səylərin davam etdiriləcəyini bildirdilər[51].

Avropa ölkələrinin “Cənub qaz dəhlizi”nə xüsusi diqqət yetirmələri və bütün maneələri dəf etmək əzmində olduqları nazirlərin çıxışından aydın görünürdü.Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti F.Moqerini ümumi mövqeyi belə ifadə edirdi: “Həm Maroş Şevçoviç (Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti - müəllif), həm də mən bu layihənin Avropa İttifaqının enerji təhlükəsizliyi strategiyasının zəruri elementi olduğunu və energetika diplomatiyasının bizim xarici işlər və təhlükəsizlik siyasətimizin əsas hissəsini təşkil etdiyini bildirmək üçün buradayıq”[52].

Beləliklə, Azərbaycan özünün iqtisadi və siyasi maraqları ilə Avropanın iqtisadi və geosiyasi mənafelərini uzlaşdırmaq üçün bütün imkanlarından istifadə etməyə çalışırdı. Qərb dövlətləri də enerji təhlükəsizliyinin təmin olunması məqsədilə daha qətiyyətlə və ardıcıl fəaliyyət göstərməyin vacibliyini dərk edirdilər.

Beynəlxalq maliyyə qurumları da “Cənub qaz dəhlizi” layihəsinin həyata keçirilməsində iştirak etməyə maraq göstərirdilər. Azərbaycan bu sahədə onlarla əməkdaşlıq istiqamətində konkret addımlar atırdı. 2016-cı ilin martında “Cənub qaz dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndə heyəti Londonda və ABŞ-ın bir sıra şəhərlərində layihənin təqdimatını keçirərək, sərmayədarlar ilə müzakirələr apardı. Uğurla nəticələnən bu görüşlərin məqsədi layihənin maliyyələşdirilməsi üçün 1 mlrd. dollar məbləğində buraxılacaq istiqrazların yerləşdirilməsinə nail olmaq idi[53].

Neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar layihənin məsrəfləri də azalmışdı. Belə ki, əgər TANAP layihəsi 2013-cü ildə 11,7 mlrd. dollar qiymətləndirilirdisə, 2016-cı ilin əvvəllərində bu qiymət 2,5 mlrd. dollar ucuzlaşaraq 9,2 mlrd. dollara bərabər hesab olunurdu[54]. Eyni vəziyyət, təbii olaraq, TAP və layihənin digər hissələrinə də şamil edilə bilərdi.

2016-cı ilin may ayında verilən məlumata görə, “Şahdəniz-2” layihəsi çərçivəsində həyata keçirilən bütün işlər - platformaların tikintisi, quyuların qazılması, Səngəçal Qaz Terminalının və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sürətlə aparılırdı. Nəzərdə tutulan işlərin 70 faizi artıq yerinə yetirilmişdi[55].

TANAP-ın inşası qrafik üzrə gedirdi. Bu isə beynəlxalq maliyyə qurumlarının da mövqeyinə təsir göstərirdi. Belə ki, Dünya Bankı və Avropa İnvestisiya Bankı “Botaşa” hərəyə 1 mlrd. dollar kredit ayırmağa hazır olduqlarını bildirmişdilər[56].

“Cənub qaz dəhlizi”nin sonuncu hissəsi olan TAP layihəsi ilə bağlı məsələlər də ardıcıl həll olunurdu. Nəhayət, 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində Trans-Adriatik boru kəmərinin təməlqoyma mərasimi keçirildi[57].

Mərasimdə Azərbaycan, Türkiyə, Gürcüstan, Yunanıstan, İtaliya, Albaniya, Bolqarıstan, ABŞ və Avropa Komissiyasının yüksək səviyyəli nümayəndə heyətləri iştirak edirdilər.

Türkiyə sərhədlərindən İtaliyaya qədər 878 km uzunluğunda boru kəmərinin inşasına başlamaqla “Cənub qaz dəhlizi”nin tamamlanması sahəsində həlledici addım atıldı. TAP-ın 2020-ci ildə fəaliyyətə başlayacağı nəzərdə tutulur.

NƏTİCƏ

Beləliklə, Azərbaycanın “Şahdəniz” yatağından çıxarılan təbii qazın Avropa bazarlarına ixracı məsələsini uzun sürən mürəkkəb proses kimi səciyyələndirmək olar. Bu prosesin ilk mərhələsini “Şahdəniz” qazının 2006- cı ildən sonra “Nabukko” kəməri ilə nəql olunması imkanlarının nəzərdən keçirilməsi və Avropa ölkələrinin təşəbbüsü olaraq meydana çıxmış bu layihənin reallaşdırılması ilə bağlı cəhdlər təşkil edir. Lakin Qərb dövlətlərinin məsuliyyəti öz üzərlərinə götürməkdən çəkinərək, qətiyyətsiz davranması “Nabukko” layihəsini sonu görünməyən müzakirə obyektinə çevirdi. Buna görə də Azərbaycanın 2012-ci ilin iyun ayında Türkiyə ilə TANAP layihəsi haqqında müqavilə imzalamaqla təşəbbüsü ələ alması “Nabukko” layihəsinin əvvəl düşünüldüyü marşrut üzrə həyata keçirilməsinin gündəlikdən çıxarılması ilə nəticələndi.

Azərbaycan özünün siyasi-iqtisadi və geosiyasi maraqlarından çıxış edərək,Türkiyə ilə birlikdə Qərblə əməkdaşlığın yeni formatını təklif etdi. Qarşılıqlı mənafelərin uzlaşdırılması nəticəsində TANAP və onun davamı kimi TAP layihəsi meydana çıxdı.

Bununla da “Şahdəniz-2”, CQBK, TANAP və TAP-dan ibarət olan “Cənub qaz dəhlizi” layihəsi formalaşdı. Xəzər dənizindən İtaliyanın cənubunadək3500 km uzanan bu kəmər həm Azərbaycanın və Türkiyənin, həm də digər tranzit ölkələrin və Avropanın enerji təhlükəsizliyinin təmin olunması, iqtisadi və geosiyasi maraqlarının qorunması baxımından strateji əhəmiyyətli layihədir.

Eyni zamanda, “Cənub qaz dəhlizi” ona bağlı bütün ölkələrin qarşılıqlı faydalı, iqtisadi-siyasi əməkdaşlığının inkişafına yeni təkan verəcək, sosial tərəqqisinə xidmət edəcək. Bütün layihələrin vahid format və məkan çərçivəsində həyata keçirilməsində Azərbaycan və Türkiyə strateji əməkdaşlığı həlledici əhəmiyyətə malikdir.

QAYNAQLAR

I. MƏQALƏLƏR

Öğütçü, Mehmet,“Azərbaycanın “Şahdəniz-2” layihəsi və “Cənub axını”: potensial təhlükə ’’.Azərbaycanın enerji siyasəti Qərb mətbuatında. Bakı, 2015, s.187-188.

Panfilova, Viktoriya. “Azərbaycanın enerji sahəsində təsir rıçaqları’’.
Azərbaycanın enerji siyasəti Qərb mətbuatında, Bakı, 2015, s.154.

II. QƏZETLƏR

Azərbaycan, 4 iyun 2008.

Azərbaycan, 29 yanvar 2009.

Azərbaycan, 14 yanvar 2011.

Azərbaycan, 26 oktyabr 2011.

Azərbaycan, 18 dekabr 2013.

Azərbaycan, 26 fevral 2014.

Azərbaycan, 21 sentyabr 2014.

Azərbaycan, 13 fevral 2015.

Azərbaycan, 14 fevral 2015.

Azərbaycan, 18 mart 2015.

Azərbaycan, 19 mart 2015.

Azərbaycan, 1 mart 2016.

Azərbaycan, 18 may 2016.

Azadlıq, 25 noyabr 2014.

Bizim yol, 2 iyun 2015.

Bizim yol, 20 iyun 2015.

Xalq qəzeti, 30 oktyabr 2011.

Xalq qəzeti, 18 iyun 2012.

Xalq qəzeti, 20 sentyabr 2013.

Xalq qəzeti,7 fevral 2015.

Xalq qəzeti, 23 iyun 2015.

Xalq qəzeti,15 avqust 2015.

Kaspi, 28 oktyabr 2011.

Kaspi, 3 iyun 2015.

Respublika, 29 iyun 2013.

Respublika, 6 iyun 2015.

Şərq, 14 mart 2015.

525-ciqəzet, 27 yanvar 2009.

Азербаиджанские известии, 21 ноабра 2012.

Азербаиджанские известии, 31 иголм 2015.

Азербаиджанские известии, 15 марта 2016.

Азербаиджанские известии, 28 апрела 2016.

Азербаиджанские известии, 12 маа 2016.

Бакинскии рабочии, 21 ноабра 2012.

Баҝинсҝии рабочии, 1 анвара 2013.

Зеркало, 21 феврала 2012.

Зеркало, 29 анвара 2013.

Зеркало, 21 игонм 2013.

Зеркало, 20 икша 2013.

Зеркало, 5 октабра 2013.

Известии, 29анвара 2009.

Россиискаи газета, 3 декабра 2014.

Зхо, 10 ик>ла2015.

Kaynaklar

  1. 994-cü il sentyabrın 20-də Bakıdakı “Gülüstan” sarayında öz müstəsna əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını almış müqavilə bağlandı. Dənizin dərinliyində yerləşən “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsi və məhsulun pay bölgüsü haqqında 400 səhifəlik bu müqavilə 4 dildə tərtib edilmişdir. “Əsrin müqaviləsi”ndə 7 ölkədən (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Səudiyyə Ərəbistanı) 11 şirkət (Amoko, bp, MakDermott, Yunokal, SOCAR, LUKoyl, Statoyl, Türkiyə pet- rolları, Penzoyl, Remko, Delta) iştirak edirdi. Bu müqavilə sonradan 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 35 sazişin imzalanmasına yol açdı. “Əsrin müqaviləsi” imzalanandan sonra onun iştirakçıları işçi strukturlar - Rəhbər Komitə, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) və Məsləhət Şurası yaratdılar. Həmin strukturlar hüquqi səlahiyyət qazandıqdan, yəni 1994-cü il dekabrın 2-də Azərbaycan Prezidenti xüsusi Fərman imzalayandan sonra fəaliyyətə başladılar. 1994-cü il dekabrın 12-də Milli Məclis “Əsrin müqaviləsi”ni ratifikasiya etdi. “Əsrin müqaviləsi” tarixə Heydər Əliyevin Prezident hakimiyyəti siyasətində baza prioritetini - neft strategiyasını müəyyən etmiş ilk iri iqtisadi sənəd kimi düşmüşdür. (http://www.president.az/azerbaijan/contract).
  2. 4 iyun 1996-cı il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Layihə İştirakçıları olan BP, Lukoil, NİCO, Statoil, TPAO, TOTAL şirkətləri arasında dünyanın ən iri qaz və qaz-kondensat yataqlarından olan və Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş imzalanmışdır. (http://azerbaijan.az/portal/StatePower/Committee/committeeConcern_01_a.html).
  3. TPAO 150 Milyon TL sermaye ile 12 Aralık 1954’te kuruldu(http://www.tpao.gov.tr/ tp5/?tp=m&id=93)
  4. Boru Kəmərləri ilə Neft DaşımaA.Ş. (Boru Hatları İle Petrol Taşıma A.Ş. - Botaş) Türkiyə Respublikası ilə İraq Respublikası hökumətləri arasında 27.08.1973 tarixində imzalanan Xam Neft Boru Kəməri Sazişi çərçivəsində İraq xam neftinin İsgəndərun körfəzinə daşınmasını həyata keçirmək üzrə, 7/7871 saylı qərara əsasən 15.08.1974 tarixində qurulmuşdur (http://www.botas.gov.tr/).
  5. Azərbaycan, 29 yanvar 2009.
  6. Qaz.
  7. 525-ci qəzet, 27 yanvar 2009.
  8. Azərbaycan, 4 iyun 2008.
  9. Известии, 29инвари 2009.
  10. Azərbaycan, 14 yanvar 2011.
  11. Azərbaycan, 26 oktyabr 2011.
  12. Xalq qəzeti, 30 oktyabr 2011.
  13. Xalq qəzeti, 30 oktyabr 2011;Kaspi, 28 oktyabr 2011
  14. Зеркало,21 феврали 2012.
  15. Xalq qəzeti, 18 iyun 2012.
  16. Xalq qəzeti, 18 iyun 2012.
  17. Азербаиджанские известии, 21 ноибри 2012; Бакинскии рабочии, 1 инвари 2013.
  18. Бакинскии рабочии, 21 ноибри 2012.
  19. Şərq, 14 mart 2015; Зеркало, 29 инвари 2013.
  20. Зеркало, 21 игони 2013.
  21. Respublika, 29 iyun 2013.
  22. Respublika, 29 iyun 2013.
  23. Зеркало, 20 иголи 2013.
  24. Viktoriya, Panfilova, “Azərbaycanın enerji sahəsində təsir rıçaqları”, Azərbaycanın enerji siyasəti Qərb mətbuatında, Bakı, 2015, s.154; Mehmet, Öğütçü, “Azərbaycanın “Şahdəniz-2” layihəsi və “Cənub axını”: potensial təhlükə”, Azərbaycanın enerji siyasəti Qərb mətbuatında, Bakı, 2015, s.187-188.
  25. Panfilova, a.g.m., s.154; Ögütçü, a.g.m., s.187-188.
  26. Xalq qəzeti, 20 sentyabr 2013.
  27. Azərbaycan, 18 dekabr 2013.
  28. Azərbaycan, 18 dekabr 2013.
  29. Azərbaycan, 18 dekabr 2013.
  30. Azərbaycan, 18 dekabr 2013.
  31. Зеркало, 5 окгибри 2013.
  32. Azərbaycan, 26 fevral 2014.
  33. Azərbaycan, 21 sentyabr 2014.
  34. Azərbaycan, 21 sentyabr 2014.
  35. Azadlıq, 25 noyabr 2014.
  36. Россиискаи газета, 3 декабри 2014.
  37. Azərbaycan, 13 fevral 2015.
  38. Xalq qəzeti, 7 fevral 2015.
  39. Azərbaycan, 14 fevral 2015.
  40. Azərbaycan, 14 fevral 2015.
  41. Azərbaycan, 18 mart 2015.
  42. Azərbaycan, 19 mart 2015.
  43. Bizim yol, 2 iyun 2015.
  44. Kaspi, 3 iyun 2015.
  45. Bizim yol, 20 iyun 2015.
  46. Respublika, 6 iyun 2015.
  47. Xalq qəzeti, 23 iyun. 2015.
  48. Зхо, 10 и1оли2015.
  49. Азербаиджанскиеизвестии, 31 иголи 2015.
  50. Xalq qəzeti, 15 avqust 2015.
  51. Azərbaycan, 1 mart 2016.
  52. Azərbaycan, 1 mart 2016.
  53. Азербаиджанские известии, 15 марта2016.
  54. Азербаиджанские известии, 15 марта2016.
  55. Азербаиджанские известии, 12 маи2016.
  56. Азербаиджанские известии, 28 апрели2016.
  57. Azərbaycan, 18 may 2016.