ISSN: 1011-727X
e-ISSN: 2667-5420

Bahtiyar Hasanov

Anahtar Kelimeler: Azerbaycan, Karabağ Bölgesi, Etimoloji, Tarihî Coğrafya, Arazi, Yöneticilik

GİRİŞ

XX əsrin əvvəlləri Şimali Azərbaycan tarixində baş verən ictimai-siyasi hadisələr baxımından tariximizin ən önəmli dövrlərindən biridir. Bu dövrü, Türk-müsəlman dünyasında ilk dəfə yaranmış, eləcə də Azərbaycan tarixinin qızıl səhifəsini təşkil edən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına zəmin yaratmış dövr kimi qeyd edə bilərik. Belə ki, tariximizin dövlətçilik ənənələrini özündə birləşdirən, orta əsrlər dövründə yaranan dövlətlərimizin siyasi və hüquqi varisi olan Azərbaycan Xalq Cümhuriyyəti keşməkeşli və ağır siyasi proseslərdən keçən Azərbaycan türklərinin siyasi və ideoloji mübarizəsinin məntiqi nəticəsi idi.

XX əsrin əvvəlləri Azərbaycan tarixində siyasi və mədəni oyanış dövrü olmaqla yanaşı həmçinin ağır siyasi və sosial-iqtisadi şərait, torpaqlarımızın və tarixi ərazilərimizin qorunması uğrunda ölüm-dirim savaşı vermiş ziyalılarımızın, siyasi şəxsiyyətlərimizin və azadlıq mücahidlərimizin şərəfli tarix yolu ilə xarakterizə olunur.

Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ regionu, xalqımızın, etno- mədəni irsinin mərkəzlərindən biri olmuş, qədim Azərbaycan sivilizasiyasının beşiyi hesab edilmişdir.

Qədim dövrdən günümüzədək Azərbaycanın siyasi, sosial-iqtisadi və mədəni baxımdan ən önəmli bölgələrindən olan Qarabağ bölgəsi dünya sivilizasiyasının ən qədim mərkəzlərindən biridir. Şimali Azərbaycanın Qarabağ regionunun ərazisində aparılan arxeoloji qazıntılar zamanı Azıx mağarasından tapılmış qədim insanın alt çənə sümüyü bu ərazinin Azərbaycanla yanaşı dünyanın ən qədim yaşayış məskənlərindən biri olduğunu sübuta yetirmişdir.

XIX əsrin birinci yarısında Çar Rusiyası Qafqazı o cümlədən Şimali Azərbaycan ərazilərini işğal etdikdən sonra özünə etnik dayaq yaratmaq üçün bir çox bölgələrə, o cümlədən Şimali Azərbaycanın Qarabağ bölgəsinə kütləvi şəkildə xristian mənşəli, xüsusilə də erməni əhalisinin kütləvi köçünü təşkil etdi. Cənubi Qafqazda, həmçinin Qarabağ regionunda öz işğalçılıq siyasətini maneəsiz həyata keçirmək istəyən imperiya birinci səbəb kimi yerli Türk-müsəlman əhalini bölgədən sıxışdırıb çıxarmaq və bu bölgəyə xristian dininə mənsub olan əhalini yerləşdirməyə nail olmaq istəyirdi.

Ermənilərin Cənubi Qafqaza köçürülməsini həyata keçirən çar hökuməti XIX əsrin sonlarında Cənubi Qafqaza köçürülən erməni əhalisinin az olduğunu nəzərə alaraq 1899-ci ildə provaslav dininə məxsus slavyan mənşəli xristianların Cənubi Qafqaza köçürülməsi ilə bağlı fərman imzaladı. Çar hökuməti bu fərmanı imzalamaqla Cənubi Qafqaza köçürdüyü ermənilərin sayının kifayət qədər olmadığın qəbul etmiş oldu. Çünkü, Cənubu Qafqazı xristianlaşdırmağa çalışan çar Rusiyası erməni əhalisinin sayı ilə bağlı, ermənilər tərəfindən şişirdilmiş rəqəmlərə ümid bəsləyərək ilk növbədə ermənilərin bu ərazilərə köçürülməsini təşkil etdi. Lakin bu rəqəmlərin yanlış olduğunu bilən çar hökuməti yeni bir layihənin həyata keçirilməsi üçün 1899- cu ildə yeni bir fərman imzalamalı oldu. Bu fərmanla Cənubi Qafqaza pravoslav dininə məxsus xristianların köçürülməsi işinə start vermiş oldu. Lakin hökumət tərəfindən həyata keçirilən bu layihə Qafqazda baş verən ictimai- siyasi proseslərə görə nəticə vermədi.

Azərbaycanın ən qədim bölgələrindən olan İrəvan, Naxçıvan və Qarabağ əraziləri hələ XIX əsrin əvvəllərindən etibarən Çar Rusiyası imperiyasının apardığı mənfur siyasətin qurbanına çevrilmışdır. Çünkü, bu ərazilər kiçik Qafqaz dağ silsiləsinin yüksəkliyində yerləşməklə bərabər çar Rusiyasının çox ehtiyat etdiyi Osmanlı dövləti ilə Qacarlar dövlətinin sərhəddində yerləşirdi. Bu da, Çar Rusiyası imperiyasının bu dövlətlərdən müdafiə olunması üçün Azərbaycanın İrəvan, Naxçıvan və Qarabağ bölgələrinin strateji cəhətdən əhəmiyyətini daha da artırırdı. Bu baxımdan, XIX əsrin əvvəllərindən başlayaraq, Çar Rusiyası İrəvan, Naxçıvan və Qarabağ ərazilərində yaşayan yerli Türk-müsəlman əhalini bu ərazilərdən sıxışdırıb çıxarmaq istəmişdir. Çünki bu əhalinin əksəriyyəti dini və etnik baxımdan, həm Qacarlar dövlətində yaşayan Türklərlə, həm də Osmanlı dövlətində yaşayan Türklərlə eyni mənşəyə mənsub idi.

1. Şimali Azərbaycanın Regionlarından Biri Olan Qarabağ Adının Etimologiyası

Adına erkən orta əsrlərdə rast gəlinən, Azərbaycanın bu regionuna verilmiş “Qarabağ” sözünün etimoloji mənasına nəzər yetirdikdə görürük ki, bu söz aşağıdakı məlumat vermiş tədqiqatçıların araşdırmalarının nəticələrinə görə Azərbaycan-Türk mənşəli sözdür. “Qarabağ” adının etimoloji mənasına erkən orta əsrlərə aid tarixi qaynaqlarda (VII əsr) rast gəlinir. Azərbaycanın Qarabağ bölgəsi əvvəllər bir tarixi-coğrafi anlayış kimi konkret məkanı bildirmiş, sonra isə Azərbaycanın geniş coğrafi ərazisinə aid edilmişdir. Tədqiqatçıların irəli sürdüyü elmi mülahizələrə görə, Qarabağın adı Azərbaycan dilindəki “qara” və “bağ” sözlərindən əmələ gəlmişdir. “Qara” və “bağ” söz birləşməsi Azərbaycan türklərinin özü qədər qədim tarixə malikdir. Çünki Azərbaycan türk dilində (həmçinin başqa Türk dillərində) “qara”nın rəngdən başqa “sıx”, “qalın”, “böyük”, “əzəmətli”, “tünd” və başqa mənaları da vardır. Bu baxımdan, “Qarabağ” termini “qara bağ”, yəni “böyük bağ”, “sıx bağ”, “qalın bağ”, “səfalı bağ” və s. mənası kəsb edir[1].

Müəlliflərin bir çoxu ilkin mənbələrdə (XII-XIII əsrlərə qədər) Qarabağ sözünü ayrı-ayrı, fərqli adlarla verilməsini qeyd etmişlər. Bu bölgəni Gerger, Uti, Utik, Udin, Otena, Kara, Karalar, Arsak v.s adlar altında qeyd etmişlər[2].

Bəzi tədqiqat əsərlərində isə Qarabağ sözünün yaranmasın Qarabağ bölgəsində yaşayan tayfaların adı ilə də bağlayırlar. Arxeoloq Rəşid Göyüşov “Qarabağın keçmişinə səyahət” əsərində Qarabağ sözünün yaranmasını Qarqar türk tayfasının adı ilə bağlayır, antik və ilk orta əsrlərdə Qarabağın bir hissəsinin “Qarqarlar ölkəsi” adlandırılması barədə məlumat verir[3].

Tarixçi alimlərdən Yaqub Mahmudov və Kərim Şükürovun birgə yazdıqları tədqiqat əsərində qədim dövrdən Qarabağ regionuna aid edilən “Arsak” sözünün mənasını türk dilində Ər-sak “igid”, “sak kişisi” kimi olduğu qənaətinə gəlmişlər[4].

Çünki Azərbaycan türk dilində olan “ə” səsi başqa dillərdə olmadığı üçün mənbələrin çoxunda bu “a” hərfi kimi tələffüz edilmiş və yazılmışdı. Bu da Ərsak sözü kimi yox Arsak kimi işlədilmişdir.

Ə.S.Sumbatzadə və Ə.Ə.Rəhmani öz tədqiqatlarında “Qarabağ” terminini “xalq və bağ”, “böyük bağ”, “səfalı bağ” və sairə mənası kəsb etdiyini qeyd edir. Bu ərazi Albaniyanın tarixi ərazisi olub, əsasən Arsax, Sünik, Uti, Sakasena və Paytakaran vilayətlərini əhatə edirdi və bu adla da tanınırdı[5].

Dövrün tədqiqat əsərlərində verilmiş məlumatlardan aydın olur ki, Şimali Azərbaycanın Qarabağ regionunun etimaloji adı erkən orta əsrlər dövrünə təsadüf edir və Türk mənşəli sözdür.

2. Şimali Azərbaycanın Qarabağ Bölgəsinin İnzibati-Ərazi İdarəetmə Sistemi

Tarixin müxtəlif dövrlərində Şimali Azərbaycanın Qarabağ regionunun siyasi hüdudları sabit şəkildə qalsa da, regionda baş verən ictimai-siyasi hadisələrə uyğun olaraq müəyyən dəyişikliyə məruz qalmışdır.

Erkən orta əsrlər dövründə Qarabağ bölgəsi (Uti və Arsax vilayəti) Albaniya dövlətinin tərkibində olmuşdur Antik dövrdə Qarabağ ərazisi Albaniyanın Uti, Paytakaran və Arsak (Ərsak-H.B) vilayətlərini əhatə etmişdir. Kür və Araz çayları arasında yerləşən Qarabağ ərazisində əsasən yerli tayfalar albanlar, utilər, qarqarlar və savdeylər, həmçinin gəlmə tayfalar maskutlar, saklar, gellər və ballar məskun idilər[6].

Ümumiyyətlə, Albaniyada qədimdən alban, qarqar, kaspi, quqar və digər başqa avtoxton Türkdilli tayfalar yaşayırdı[7].

VII əsrdən başlayan ərəb yürüşləri Albaniyanın fütuhatı ilə nəticələndi. VIII əsrdən etibarən Azərbaycanın hər yerində olduğu kimi Qarabağda da yeni dövr başlandı. Qarabağ Xilafətin şimaldakı mərkəzinə çevrildi[8].

Ərəb xilafəti, IX-XI əsr feodal dövlətləri dövründə də Qarabağ Arranın tərkib hissəsi olaraq qalmış və həmin dövlətlərin siyasi, ictimai-iqtisadi və mədəni həyatında mühüm rol oynamışdır. Daha sonra Qarabağ Arranla birlikdə öncə Səlcuqlu dövlətinin, sonra isə Azərbaycan Atabəylər dövlətinin idarəsinə keçmişdir. Azərbaycanı Monqollar işğal etdikdən sonra Qarabağ bölgəsi, monqol əmirləri tərəfindən idarə olunmuş, bu ərazi Xarəzmşah Cəlaləddinin, sonra isə Hülaki hökmdarlarının siyasi mərkəzlərindən biri olmuşdur[9].

XIV əsrin sonlarında Qarabağ Teymurun, XV əsrdə isə Teymurilər və Qaraqoyunluların müharibə meydanına çevrildi 1410-cu ildən etibarən Qarabağ da daxil olmaqla Kürdən cənubda yerləşən Azərbaycan torpaqları Qaraqoyunluların hakimiyyəti altına keçdi[10].

1467-ci ildə Qaraqoyunlular dövlətinin süqutundan sonra Qarabağ Ağqoyunlu dövlətinin tərkibinə keçdi[11].

XV əsrdə Qarabağ bölgəsi Azərbaycanın vilayətlərindən biri kimi Ağqoyunlu və Qaraqoyunlu hökmdarlarının təyin etdiyi hakimlər tərəfindən idarə olunmuşdur.

Səfəvilər dövründə Azərbaycanın inzibati ərazi bölgüsünə görə Qarabağ bölgəsinin bir hissəsi Gəncə bəylərbəyliyinin, bir hissəsi isə Çuxur-Səd bəylərbəyliyinin idarəsi altında olmuş və Qacar tayfa əmirləri tərəfindən idarə edilmişdi[12].

XVI əsrin başlanğıcında (1501-ci ildə) Azərbaycan Səfəvilər dövlətinin yaratdığı inzibati ərazilərdən biri olan Qarabağ bəylərbəyliyinin tərkibinə XVII əsrdən XVIII əsrin əvvəlinə qədər Astabad, Cavanşir, Bərgüşad, Qazax, Şəmşədil daxil idi[13].

Dövrün mənbələrindən olan naməlum bir azərbaycanlı müəllif tərəfindən h. 1086 (m.1675/76)-cı ildə qələmə alınmış “Tarix-i aləmara-yi Şah İsmayıl” (“Şah İsmayılın dünyanı bəzəyən tarixi”) adlı əsərindəki məlumatlar Azərbaycan Səfəvilər dövlətinin dövründə Qarabağın idarəçiliyi haqqında yaranmış ayrı-ayrı fikirlərə aydınlıq gətirir. Farsca yazılmış bu tarixi mənbədə Azərbaycan Səfəvilər dövlətinin banisi I Şah İsmayılın (1501-1524) İraqin qızılbaş ordusu tərəfindən fəthi və I Şah İsmayılın qızılbaş sərkərdəsi Xadim bəy Xüləfanı Bağdad hakimi təyin etməsi ilə əlaqədar olan 1508-ci ilin hadisələrindən bəhs etdikdən sonra əlavə edir ki, Xadim bəy Səfəvilər dövlətinin qurulması uğrunda gedən mübarizənin fəallarından olmuşdur. Şah İsmayıl bu mübarizədə fədakarlıq göstərmiş qızılbaş əmirlərini yüksək qiymətləndirmiş və onların övladlarını müxtəlif böyük vəzifələrə təyin etmişdi. Bu anonim müəllif qeyd edir ki, Şah İsmayıl “Qarabağın və o sərhəddin bəylərbəyiliyini Qara Pirinin oğlu Rüstəm bəyə inayət etmişdi”[14].

Türk tarixçisi Farux Sümer Qarabağ bəylərbəyliyinin heç də 1554-cü ildə I Təhmasib tərəfindən deyil, I Şah İsmayılın hakimiyyətinin ilk dönəmlərindən yaradılması fikrini irəli sürmüşdü. F.Sümer özünün əsərində onu da müəyyən etmişdir ki, Qara Piri bəy ziyadoğlular nəslinə deyil, Qacarların başqa bir qoluna mənsub olmuşdu[15].

Ziyadoğlular nəslindən bəhs edən İ.K.Pavlova yazır ki, bu nəslin məlum olan ilk nümayəndəsi I Şah Təhmasib (1524-1576) dövrünün əvvəllərində, XVI əsrin 20-ci illərində Səfəvilərin xidmətinə girmiş Xəzər bəy olmuşdu. Onun oğlu Ümmət xan da Təhmasibə sədaqətlə xidmət etmiş. Onun ölümündən sonra oğlu Şahverdi sultan Gəncə (Qarabağ) bəylərbəyi təyin olunmuşdu[16].

Məlumdur ki, Qacarlar hələ Ağqoyunlu dövründən Qarabağda fəaliyyət göstərmişlər. Beləliklə aydın olur ki, I İsmayıl dövrünün əvvəllərində yaradılmış Qarabağ bəylərbəyiliyi ilk vaxtlar Qara Piri bəy Qacarın nəslinə mənsub olmuş, yalnız 1554-cü ildə bəylərbəyilik qacarların digər bir qolu olan ziyadoğlular nəslinə verilmişdi. Onlar, 1590-1606 və 1725-1735-ci illərdəki Osmanlı fəthləri və I Şah Abbas (1587-1629) dövrünün sonları və Şah Səfi (1629-1642) hakimiyyətinin ilk illəri (1632-ci ilədək) istisna olmaqla, Səfəvilər dövlətinin süqutu və Nadir şah Əfşarın hakimiyyətə gəlməsinə qədər Qarabağ bəylərbəyiliyini idarə etmişlər. Mənbələrdə bir-birinin ardınca Qarabağ bəylərbəyiləri olmuş ziyadoğlularından Şahverdi sultanın, İbrahim xanın, Yusif xəlifənin, Peykər sultanın, İmamqulu xanın, Məhəmməd xanın, Mürşüdqulu xanın, Məhəmmədqulu xanın, Mürtəzaqulu xanın və başqalarının adları qeyd olunmuşdur.

Səfəvilərin dövlət məmuru olmuş Mirzə Səmia dövlət quruluşu məsələlərinə həsr etdiyi “Təzkirətül-müluk” adlı əsərdə (1725-ci il) Qarabağ bəylərbəyiliyinin coğrafi vəziyyəti, inzibati bölgüsü və iqtisadi vəziyyəti haqqında maraqlı məlumatlar vermişdir. O, əsərin “Xatimə” hissəsinin II məqaləsində Səfəvilər dövlətinə daxil olan ölkələr və onların inzibati bölgüsündən bəhs edir və bu zaman ilk növbədə dövlətin ən önəmli əyaləti olan Azərbaycan ölkəsi barədə məlumat verir. Müəllif Azərbaycan ölkəsinin dörd bəylərbəyilikdən ibarət olduğunu göstərir Bu bəylərbəyliklər Təbriz, Çuxursəd, Qarabağ və Şirvan idi[17].

Mərkəzi Gəncə şəhəri olan Qarabağ bəylərbəyiliyi xeyli geniş əraziləri əhatə edirdi. “Təzkirətül-müluk”da Qarabağ bəylərbəyiliyinə daxil olan və hakimlər tərəfindən idarə olunan 9 nahiyənin adları sadalanır bunlar Zəyəm, Bərdə, Ağstafa, Cavanşir, Bərgüşad, Qara-Ağac (Gürcüstanın Kaxeti vilayəti ərazisində yerləşirdi), Lori və Pəmbək, Arazbar, Bayəzidli, Simavi və Tərkür idi[18].

Maraqlı faktlardan biri odur ki, Səfəvi dövrünün rəsmi dövlət quruluşu və inzibati bölgüsü haqqında ən dəyərli və mötəbər mənbə olan “Təzkirətül- müluk”da Qarabağ ərazisində hər hansı bir xristian məlikliyin mövcud olduğu qeyd olunmamışdır.

Bəzi ədəbiyyatlarda Səfəvilər zamanında Qarabağ bəylərbəyliyinin “Kür və Araz çayları arasında yerləşib, Ağstafa və Ordubada qədər uzandığı” verilmişdi[19].

Səfəvilər Qarabağ torpaqlarını bütöv halda Qarabağ və ya Gəncə bəylərbəyliyində birləşdirdilər. Səfəvi-Osmanlı müharibələri dövründə (15141555, 1578-1590 və s.) Qarabağ əldən-ələ keçdi. 1590-cı il müqaviləsindən sonra Osmanlı dövlətinin tərkibinə qatılan Qarabağ torpaqlarında Müfəssəl dəftər tərtib edilmişdi (1593). Həmin məlumata görə, Gəncə-Qarabağ əyaləti 5 sancağa, 36 nahiyəyə bölünürdü. Dini mənsubiyyətinə görə əhalinin 61%-i müsəlman, qalanı isə qeyri-müsəlman idi. Qeyri-müsəlman əhali isə Albaniya dövləti dönəmində V əsrdə xristianlığı qəbul etmiş albanlar idi. XVIII əsrin birinci rübündə Azərbaycan torpaqları İran, Rusiya və Osmanlı dövlətləri arasında bölüşdürüldükdə Qarabağ Osmanlı dövlətinin tərkibində qaldı[20].

XVIII əsrdə Qarabağ bölgəsində müstəqil xanlıq olan Qarabağ xanlığı yaranmışdır. Qarabağ xanlığı inzibati cəhətdən 21 mahala, o cümlədən 5 xristian məlikliyinə bölünürdü Mahalları naiblər, məliklikləri isə mahal məlikləri tərəfindən idarə olunurdu. Qarabağ xanlığı dövründə Qarabağda 1 şəhər, 638 kənd olmuşdur. 90 minə çatan əhali 18500 ocaqda birləşirdi[21].

XIX əsrin əvvəllərində məlik Tanrı tərəfindən idarə olunan Sisyan bölgəsi xanlığın cənub- şərq hissəsində yerləşirdi. Xanlığın ləğv olduğu dövrdə bu bölgəyə daxil olan 9 kənddə 303 (87-i vergini verən, 116-sı vergi verməyən) ailə yaşayırdı. Qaynağın verdiyi məlumatlardan məlim olur ki, əvvəllər bu bölgədə 2000 ailə yaşamışdır. Xanlıq Rusiya tərəfindən işğal edildikdən sonra və birinci Rusiya-İran savaşı əsnasında bölgə sakinləri evlərini tərk edib Azərbaycanın müxtəlif yerlərinə və digər ölkələrə köçmüşdülər[22].

XVIII əsr Azərbaycan tarixçisi Mirzə Camal Cavanşir (Qarabaği) “Qarabağ tarixi” adlı əsərində Qarabağın siyasi sərhədləri haqqında olduqca qiymətli məlumat vermişdir. O, bu haqda yazır: “Qədim tarix kitablarının yazdığına görə, Qarabağ vilayətinin sərhəddi belədir: Cənub tərəfdən Xudafərin körpüsünə qədər Araz çayıdır. Şərq tərəfdən Kür çayıdır ki, Cavad kəndində Araz çayına qovuşaraq gedib Xəzər dənizinə tökülür. Şimal tərəfdən Qarabağın Yelizavetpolla (indiki Gəncə) sərhədi Kür çayına qədər Goran çayıdır və Kür çayı çox yerdən keçib Araz çayına çatır. Qərb tərəfdən Küşbək, Salvartı və Ərikli adlanan uca Qarabağ dağlarıdır”[23].

Özünün qeyd etdiyi kimi, Qədim tarixi qaynaqlara əsaslanaraq, Qarabağ bölgəsinin siyasi hüdudlarını təsvir edən Mirzə Camal Cavanşirin bu bölgənin sərhədləri haqqında verdiyi məlumatlar, XVIII əsrdə Qarabağın sərhədlərini tam aydın şəkildə əks etdirir. Bu məlumatlar əsasında Car Rusiyasının Şimali Azərbaycanı işğalından sonrakı dövrdə Cənubi Qafqazda həyata keçirdiyi inzibati-ərazi bölgüsündə Qarabağ bölgəsinə daxil olan inzibati ərazi vahidlərini müəyyən etmək mümkündür.

Qafqaz təqviminin 1855-ci il buraxılışında Dərələyəz mahalının sərhədləri qeyd edilərkən burada “Qarabağın sərhədlərinə yaxın olan Arpa çayına uzaq olmayan Quşbilək (Küşbək-H.B) dağları, hal-hazırda isti bulaqları olan İstisu”nun adı çəkilir[24].

Bu fakt da Şimali Azərbaycanın Qarabağ regionunun sərhədlərini müəyyən etməkdə bizə kömək edir. Qafqaz təqvimində verilən məlumatlar da Mirzə Cavanşirin Qarabağinin verdiyi məlumatlarla üst-üstə düşür. Bütün bu verilən məlumatlardan aydın olur ki, Azərbaycanın Qarabağ regionunun siyasi coğrafiyasını XX əsrin əvvəllərində dörd qəzanın ərazisi Şuşa, Zəngəzur, Cəbrayıl və Cavanşir (1904-cü ildən Qaryagin) təşkil etmişdi.

XIX əsr Şimali Azərbaycan çar Rusiyası imperiyası tərəfindən işğal edildikdən sonra ərazidə imperiyanın siyasətinə uyğun inzibati-ərazi idarəetmə sistemi yaradılmağa başladı.

3. XIX-XX Əsrin Əvvəllərində Çar Rusiyası Tərəfində Qarabağ Bölgəsində Həyata Keçirilən İnzibati Bölgü Sistemi

Rusiya hələ XVIII əsrdə Qafqazı təsir dairəsinə keçirməklə öz siyasi və iqtisadi maraqlarını təmin etmək istəyirdi. Cənubi Qafqazı ələ keçirmək üçün geniş hərbi əməliyyatlara başlayan Rusiya XIX yüzilin birinci yarısında buna nail oldu. Qarabağ xanlığı ilə Rusiya arasında bağlanan Kürəkçay (1805-ci il) və Rusiya ilə Qacarlar dövləti arasında bağlanan Türkmənçay (1828-ci il) müqavilələrindən sonra bu bölgə Şimali Azərbaycanın digər bölgələri kimi Rusiya imperiyasının tərkibinə qatıldı[25].

XIX əsrdə Şimali Azərbaycan Rusiya tərəfindən işğal olunduqdan sonra (1828) Qarabağ bölgəsinə ermənilərin kütləvi köçü başladıldı və bölgənin inzibati-ərazi, idarəçilik sistemində dəyişikliklər edilməyə başlandı. Ruslar özlərinə siyasi və etnik dayaq yaratmaq üçün 1828-1830-cu illərdə Osmanlı dövlətindən və Qacarla dövlətinin ərazisindən Şimali Azərbaycana xristian erməni əhalisinin köçürülməsi işinə başladı. Bu əhalinin əksəriyyəti məhz Qarabağ regionunda məskunlaşdırıldı.

XIX əsrdə çar Rusiyası tərəfindən Azərbaycanın Qarabağ regionunun ərazisi müxtəlif inzibati idarəetmə sistemlərinə daxil edildi.

Məlumdur ki, 1828-ci ildə yaradılan komendant idarə üsulu çarizmin Cənubi Qafqazda, o cümlədən Şimali Azərbaycanda siyasi dayaqların möhkəmləndirilməsinə cavab vermədiyindən 1840-cı ilin aprelin 10-da Cənubi Qafqazda inzibati islahat haqqında qanun verildi. Qanuna görə komendant üsul-idarəsi ləğv olunmuş və burada da Ümumrusiya inzibati sistemi yaradılmışdı[26].

1897-ci ilin məlumatlarına görə Şimali Azərbaycanın Qarabağ regionunun qəzalarının sərhədləri aşağıdakı kimi verilmişdir. Qəzaların ərazisi kiçik dəyişikliklər istisna olmaqla Azərbaycan Xalq Cumhuriyyəti dövründə də eyni olaraq qalmışdır. Şimali Azərbaycanın Qarabağ regionunun Şuşa qəzası, Cavanşir, Göyçay, Cavad, Cəbrayıl, Zəngəzur qəzaları ilə həmsərhəd idi. Mərkəzi Şuşa şəhəri idi. Şuşa qəzası 1841-ci ildə Xəzər vilayətinin tərkibində təsis edilmişdir. 1846-cı ildən Şamaxı, 1859-cu ildən Bakı, 1867-ci ildən isə Yelizavetpol (Gəncə) quberniyasının tərkibində olmuşdur. Şuşa qəzası Mığrı, Kəbirli, Zəngəzur, Cavanşir, Çiləbörd, Vərəndə sahələrinə bölünürdü. 1867-ci il dekabr tarixli fərmana əsasən, Zəngəzur və Cavanşir sahələri Şuşa qəzasından ayrılıb müstəqil qəzalara çevrildilər. Qəzanı qəza rəisi, onun müavini, xəzinədar, sahə iclasçıları və şəhər polisi idarə edirdi. Qəzada məhkəmə yaradılmışdı. Qəzanın sahəsi 4911 kvadrat kilometr, əhalisi 140740 nəfər olmuşdur (1897). Təsərrüfatında əkinçilik, maldarlıq, ipəkçilik, üzümçülük, bağçılıq əsas yer tuturdu. Şimali Azərbaycanın qəzaları bəhs edilən dövrdə qəza rəisi, onun köməkçisi və katibi tərəfindən idarə olunurdu[27].

1881-ci ildə Tiflisdə nəşrə başlamış, Qafqaz Tədris İdarəsi tərəfindən çap olunmuş “Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu”nun 1904-cü il buraxılışında Qarabağ regionunun “Zəngəzur qəzasının sərhədləri şərqdən və şimal-şərqdən Şuşa,Cəbrayıl qəzaları, şimaldan Cavanşir qəzası, Ərəş qəzası, Nuxa, Göyçay, qərbdən və cənub-qərbdən Naxçıvan və Şərur- Dərələyəz qəzaları, İrəvan quberniyası, Cənubi Azərbaycan, Yelizavetpol qəzası və Zaqatala, cənub və cənub-şərqdən Araz çayı hansı ki, Rusiya və İran dövləti arasındadır” kimi göstərilmişdir. 1873-cü ildə Yelizavetpol quberniyasında təsis olunmuşdu. Qəza mərkəzi Gorus məntəqəsi idi. Qəza 3212, 5 kv. km sahəyə malik idi[28].

1883-cü ildə Yelizavetpol quberniyasında 2 qəza-Cəbrayıl və Cavanşir qəzaları yaradılır. Şuşa, Zəngəzur, Cavad qəzaları və İran Azərbaycanı ilə həmsərhəd olan Cəbrayıl qəzası (mərkəzi Cəbrayıl məntəqəsi) 3332 kv.km sahəyə, Ərəş, Yelizavetpol, Zəngəzur, Şuşa qəzaları və İrəvan quberniyası ilə sərhədlənən Cavanşir qəzası (mərkəzi Tərtər məntəqəsi) isə 5497 kv.km sahəyə malik idi. Hər iki qəzanın fəaliyyəti 1929-cu ildə başa çatdı[29].

XIX əsrin ikinçi yarısı- XX əsrin əvvəllərində Azərbaycanın tarixi coğrafiyasının ümumi mənzərəsini təsəvvür etmək üçün 1903-cü ildə çəkilmiş “Karta Kavkazskoqo voennoqo okruqa 1903 qoda” xəritəsi mühüm əhəmiyyət kəsb edir. Xəritədə verilmiş məlumatlara görə, Şimali Azərbaycanın əsas ərazisi Bakı, Yelizavetpol və İrəvan quberniyalarının tərkibində idi. Bakı quberniyası 6 qəzaya (Bakı, Quba, Şamaxı, Göyçay, Cavad, Lənkəran), Yelizavetpol quberniyası 8 qəzaya (Yelizavetpol, Ərəş, Nuxa, Cavanşir, Qazax, Şuşa, Cəbrayıl (Qaryagin), Zəngəzur qəzaları) və bir dairəyə (Zaqatala) bölünürdü. Yelizavetpol quberniyasının sahəsi 39982 kv. km olmuşdur. 1905- ci ildə Yelizavetpol quberniyasının ərazisində 2 müvəqqəti general-quber- natorluq yaradıldı. Bunlardan biri Zəngəzur, Cavanşir və Şuşa qəzalarını, digəri isə qalan əraziləri əhatə edirdi. İrəvan quberniyası 7 qəzaya (İrəvan, Naxçıvan, Şərur-Dərələyəz, Yeni Bayəzid, Sürməli, Eçmiədzin, Aleksan- dropol) bölünmüşdü. Azərbaycanın tarixi əraziləri olan İrəvan, Naxçıvan, Göycə mahalı, Şərur-Dərələyəz, Yeni Bayəzid əraziləri İrəvan quberniyasının, Borçalı Tiflis quberniyasının, Dərbənd isə Dağıstan vilayətinin tərkibində idi[30].

Bu xəritədə Qarabağ regionunun inzibati ərazisi Yelizavetopol (Gəncə) quberniyasına daxil olan Şuşa, Zəngəzur, Cavanşir, Cəbrayıl qəzalarından ibarət olmuşdur.

1868-ci ildən başlayaraq Azərbaycanda Sovet inzibati idarəetmə sisteminin yaranmasına qədər (1920) Qarabağ regionu mərkəzi Yelizavetpol (Gəncə) şəhəri olan Yelizavetpol quberniyasının tərkibində olmuşdu. 1918- ci ildə Azərbaycan Demokratik Cumhuriyyəti dövründə də ərazidə dəyişiklik edilməmişdir[31].

XX əsrin əvvəllərində bütün Rusiyanı bürüməkdə olan inqilabi hərəkatın Azərbaycana da yayılması çar hökumətini məcbur etdi ki, 1881-ci ildə qəbul etdiyi azadlıq hərəkatını boğmağa yönəldilmiş “Müvəqqəti əsasnamə”ni Azərbaycanın şəhər və qəzalarına da şamil etsin. Beləliklə, 1903-cü ilin sentyabrından bu əsasnamə Qarabağa da tətbiq edildi. Bu, o demək idi ki, Bakı və Yelizavetpol quberniyaları “ictimai qaydalara və asayişə zidd olan yığıncaq və toplantıların iştirakçılarını, gücləndirilmiş mühafizə haqqında əsasnaməni “pozan” digər şəxsləri 500 rubladək cərimələyə və ya 3 aylıq müddətədək həbs etdirə bilərdilər”[32].

XX əsrin əvvəllərində Şimali Azərbaycanın Gəncə şəhərində buraxılan “Yelizavetpol quberniyasının yaddaş kitabçası”nın 1910-cu il buraxılışında Şimali Azərbaycanın Qarabağ regionunun qəzalarında inzibati idarəetmə sistemi haqqında çox qiymətli məlumatlar verilmişdir.

1909-cu ildə quberniya müdiriyyəti tərəfindən yenidən qəzalarda yerləşən kəndlər, kənd cəmiyyətləri və polis məntəqələri ayrı-ayrı şöbələr nəzdində birləşdirilməyə başladı. Bu iş 1910-cu ildə başa çatdırıldı[33].

Bu dövrdə Qarabağ regionunun Şuşa və Gorus şəhərlərinin ictima idarəçiliyində Şuşa şəhərində şəhər başçısı S.Kələntərov olmuşdur. Şəhərin idarəçiliyində S. İmxanov, S.Səfərov, M.İsaquluyev, M.Mixaylov, S.Avakov, M.Kasparov, A.Gülməmmədbəyov, A.Qəmbərov, M.Muxtarov və A.Qondaksazov çalışmışlar. Gorus şəhərində isə şəhər başçısı A.Qazarov olmuş, Məlik Hüseynov, A.Mirimov, V.Səfrazbəyov, Behbud Mahmudbəyov, Xurşud Məlik Ohanov, O.Mıkırtıçev, A.Melkumov, A.Qazarov, S.Bağırov, Q.Malinçev, A.Ohanov, A.Mosesov kimi şəxslər iştirak etmişlər[34].

XIX əsrin əvvəllərindən XX əsrin əvvəllərinədək bir əsr boyunca Rusiya imperiyası tərəfindən ermənilərin Şimali Azərbaycanın Qarabağ regionunun ərazilərinə kütləvi köçürülməsinə baxmayaraq hələ də XX əsrin əvvəllərində Qarabağın qəzalarının mərkəzi şəhərlərində idarəçilik sistemində azərbaycanlılar ermənilərə nisbətdə üstünlük təşkil edirdi. Lakin bu üstünlük imperiya hökumətini narahat edirdi. Hökumət tədricən quberniyalarda, qəzalarda hətta belə kəndlərdə xristian mənşəli məmurların üstünlük təşkil etməsi üçün yeni layihələr hazırlayıb həyata keçirməyə başladı.

Çar hökuməti bu tədbirlərdən birincisi kimi hələ XIX əsrdə həyata keçirdiyi inzibati ərazi idarəetmə sistemində dəyişikliklər etməklə xristian mənşəli məmurların idarəçiliyə cəlb edilməsi işini sürətləndirməyə başlamışdı.

Hələ XIX əsrin ikinci yarısında Rus imperiyası tərəfində həyata keçirilməyə başlayan inzibati ərazi bölgüsü və idarəetmə sistemi ilə bağlı Rusiya çarı tərəfindən 1865-ci ildə verilən “Kənd Cəmiyyəti haqqında qanun”la bəy və ağalar kəndlərin inzibati məhkəmə işlərindən uzaqlaşdırıldılar, kəndlərdə idarəçiliyi həyata keçirmək üçün vahid kənd idarələri yaradıldı[35].

Bununla da çar hökuməti yerlərdə xristian mənşəli məmurları idarəçiliyə cəlb etməklə bu əraziləri tam öz nəzarətinə götürdü. Həm də imperiya bir neçə il sonra həyata keçirəcəyi layihələrə görə, əhali arasında böyük nüfuza malik olan bəy və ağaları idarəçilikdən uzaqlaşdıraraq bu layihələrə maneə olmalarının qarşısını alırdı.

Bu inzibati ərazi bölgüsü Qarabağ regionunun qəzalarında 1910-cu ildə yenidən həyata keçirilməyə başladı. 1910-cu ildə Şuşa qəzasınad 4 kənd cəmiyyəti yaradıldı. Birinci məntəqəyə bu kənd cəmiyyətləri Şuşakənd, Daşaltı, Xəlfəli, Keşişkənd, Malıbəyli, Pircamal, Siznik, Xanazıx, Qışlaqkənd, Canaxçı, Xankəndi, ikinci məntəqəyə bu kənd cəmiyyətləri Tuğ, Taqaver, Tağ, Sus, Arpaduz, Çertaz, Qacar, Gülablı, Yenikənd, Skobelev, Kaqarzin, üçüncü məntəqəyə bu kənd cəmiyyətləri Ağdam, Şelli, Qiyaslı, Göytəpə, Şıxlar- Qərvənd, Zəngişal, Qaraxanlı, Sarcalı-Quzanlı, (Ləmbəran tərəf) Qaravəlli, Xanabad, Novruzlu, dördüncü məntəqəyə isə Hindarxı, Arazbarlı, Mərzili, Minaxorlu, Hüsülü, Xalfaradin, Qaradolaq, Novruzlu, Xocavənd (Ləmbəran tərəf), İlaqilar və Ləmbəran kənd cəmiyyətləri daxil edildi[36].

Qarabağın digər qəzası Zəngəzur qəzasında da 4 kənd cəmiyyəti yaradıldı. Birinci məntəqəyə Əliqulukənd, Aypilin, Əngələut, Axlatian, Bazarçay, Vağudi, Gorus, Dərabas, Pirnaut, Sisian, Tatev, Uz, Xınzirək, Xot, Şalat, Şəki, Şinger, Şıxlar, Yaycı, ikinci məntəqəyə Bayandur, Gərənzu, Cağauz, Cicim- li, Dığ, Qaladərə, Qaraqışlaq, Malıbəyli, Mollalar, Müsülmanlar, Biçənis, Səfiyan, Seyidlər, Xəzinəvar, Şahsuvarlı, üçüncü məntəqəyə Əliyanlı, Əliquluuşağı, Arçevan, Babalı, Qal, Qarar, Dondarlı, Gödəklər, Qazıqurdalı, Kerdcalanlı, Məmmədli, Mollin, Noraşen, Oxtar, Saralı, Sarıyataq, Sofulu, Ucanis,Xəndək, Xələc, Xocavan, Şıxavin, dördüncü məntəqəyə isə Əlidərə, Astazur, Bartaz, Vartanzur, Qyaqyalin, Güdgüm, Dərzili, Cahangirbəyli, Ki- rataq, Kəvər, Lehvaz, Mehri, Nüvədi, Oxçu, Pirçevan, Raband, Tirin, Ordaxlı, Zəngilan, Şıxauz və İsgəndərbəyli kənd cəmiyyətləri daxil edildi[37].

Cavanşir qəzasında 3 kənd cəmiyyəti yaradıldı. Birinci məntəqəyə bu kənd cəmiyyətləri Bərdə, Gərənə, Dorbatlı, Ayricin, Xoruzlu, Qaramanlı, Yevlağ, Qaradağlı, Borsunlu, Sarov, Talış, ikinci məntəqəyə bu kənd cəmiyyətləri Ağəli, Alpout, Xanərəb, Köçərli, Nəmirli, Xanqaraqoyunlu, Səhləbad, Ləki, Şirvanlı, Marağalı, Mamırlı, Qılıçlı, üçüncü məntəqəyə bu kənd cəmiyyətləri Canyataq, Kasapet, Həsənriz, Dovşanlı, Kiçik Qarabəy, Orlovo-Denisov, Minqrel, Boyəhmədli, Sırxavənd, Çırağlı, İmarətqərvənd, Avaryan, Ayrım, Keşdağ, Əsrik və Qoturlu daxil edildi[38].

1904-cü ilə qədər Cəbrayıl adlanan Qaryagin qəzasında 2 kənd cəmiyyəti yaradıldı. Birinci məntəqəyə Əbdürəhmanbəyli, Ağəli, Əlixanlı, Banazur, Bəhmənli, Hadrut, Horadiz, Qarakelli, Qarğabazar, Qaryagin, Kərimbəyli, Mahmudlu, Süleymanlı, Taqasır, Şahsevən, Edilin, Qaraxanbəyli, ikinci məntəqəyə Cəbrayıl, Daşkəsən, Qucaq, Maralyan, Əhmədli, Aragül, Ağcakənd, Soltanlı, Qovşutlu, Ağəli, Xanlıq, Xocik, və Məfruzlu kənd cəmiyyətləri daxil edildi[39].

Yuxarıda verilmiş inzibati ərazi bölgüsünün nəticəsi kimi deyə bilərik ki, 1910-cu ilin məlumatına baxarkən azərbaycanlıların qəzaların idarəçılıyındəki üstünlüyü artıq imperiya tərəfindən tamamilə dəyişdirilmişdi. Bu dövrdə təyin olunan qəzaların məntəqə müvəkkillərinin demək olar ki hamısı xristian mənşəli şəxslər idi. Qarabağ regionunun bütün polis məntəqələrinə təyin olunan müvəkkillər Şuşada D.A.Yaraşenko, Zəngəzurda A.Qrozdov, Qaryagində (Cəbrayil-1904-ə qədər H.B) A.İ.Zavalişin, Cavanşirdə isə S.İ.Maebski kimi xristian mənşəli şəxslər olmuşdu[40].

Göründüyü kimi Qarabağın dörd qəzasının 3-də qəzaların məntəqə müvəkkilləri ərazidə yaşayan əhalinin ən az faizini təşkil edən slavyan rus mənşəli məmurlar, birində isə gürcü mənşəli məmur təyin edilmişdi. Rus imperiyasının öz geosiyasi maraqlarına uyğun apardığı bu siyasətə baxmayaraq Şimali Azərbaycanın Qarabağ regionunun qəzalarının idarəçilik sistemində hələ də azərbaycanlılar iştirak edirdilər.

Bunu 1914-cü ildə buraxılan Yelizavetpol (Gəncə-H.B) quberniyasının yaddaş kitabçasında Şimali Azərbaycanın Qarabağ regionunun qəzalarında idarəçilik sistemində çalışan insanlar haqqındakı məlumatlarda aydın görmək olur.

Şuşa qəzasının başçısı V.İ.Brılkin olmuşdur. Qəzanın idarəçilik sistemində Hilal Rzayev, Mirzəlibəy Əlibəyov, Abbasəli Məmmədov, Paşa bəy Cəlalov, polis sistemində Kərim Kələbəyov, İsa bəy Əliyev, Əyub bəy Rəfibəyov çalışmışlar. Şuşa şəhərinin başçısı S.Kələntərov olmuşdur. Şuşa şəhərinin idarəşiliyində İsmayıl bəy Bəylərbəyoğlu Novruzov, Firudin bəy Həsənəlibəyoğlu Behbudov, Mahmud bəy Mürsəqulubəyoğlu Fərzəlibəyov və b. işləmişlər[41].

Zəngəzur qəzasının isə başçı N.Pivaroviç olmuşdur. Qəzanın idarəçiliyində azərbaycanlılardan qəza başçısının baş köməkçisi Hüseyn bəy Behbudbəyoğlu Mahmudbəyov, tərcüməçi Şamxal bəy Məlikhüseynov, Hüseyn bəy Məlikabasov, Paşa bəy Səyadbəyov, polis sistemindı Həbib xan Şəkinski, Bəylərbəy Həsənbəyov çalışmışlar[42].

Cavanşir qəzasında qəzanın başçısı Z.M.Lorçenko olmuşdur. Azərbaycanlılardan Ələkbər bəy Əzizbəyov, polis sistemində Ələkbər bəy Kələbəyov (Şirvanlı), Cümşüd bəy Vəzirov (Orlovo-Denisov) və İsfəndiyar bəy Əliyev (Yevlax) idarəçilik sistemində işləmişlər[43].

1904-cü ilə qədər Cəbrayıl adlanan Qaryagin qəzasında isə qəzanın başçısı Q.Z.Kipiyani olmuşdur. Qəza başçısının baş köməkçisi Mikayıl bəy İsrafilbəyov, katib isə Abdurəzzaq bəy Teymurazbəyov olmuşdur[44].

Ümimuyyətlə, o dövrdə Yelizavetpol (Gəncə) quberniyasının qubernatorları çar Rusiyası imperiyasının aşağıdakı məmurları Bulatov Fokion Ebstafıebiç 1868-1876, Nakaşidze Aleksandr Davidoviç general-mayor (16.02.188020.05.1897), Kireyev İvan Petroviç general-mayor (22.05.1897-05.07.1900), Lutçau Nikolay Aleksandroviç polkovnik general-leytenant (12.07.190020.08.1905), Kalaçyov Aleksey Alekseyeviç (20.08.1905-1908), Kovalyov Georgi Samoyloviç (1908-1916), Poyarkov Mixail Petroviç (1916-1917) olmuşdur[45].

Şimali Azərbaycanın Qarabağ regionunun ümumi ərazisini Yelizavetpol (Gəncə) quberniyasının tərkibində olan Şuşa 4911 kvadrat kilometr, Zəngəzur 3212,5 kvadrat kilometr, Cavanşir 5497 kvadrat kilometr, Cəbrayıl 3332 kvadrat kilometr olmuşdur. Bu dövrdə Qarabağ regionunun ümumi ərazisi 16952,5 kvadrat kilometr olmuşdu[46].

Azərbaycanın Qarabağ regionunun sərhədləri 1918-ci ildə yaranan Azərbaycan Xalq Cumhuriyyəti dövründə də dəyişilməmişdir.

SONUÇ

Şimali Azərbaycanın regionlarından biri olan Qarabağ regionunun adının etimoloji mənasına erkən orta əsrlərə aid tarixi qaynaqlarda rast gəlinir. Bu adın etimoloji kökü Azərbaycan türklərinə məxsusdur. Məqalədə aparılan araşdırılmadan aydın olur ki, çar hökumətinin regiona kütləvi surətdə xristian erməni və slavyan əhalini köçürməsinə baxmayaraq XX əsrin əvvəllərində Qarabağ regionunda əhalinin böyük hissəsini Azərbaycan-türkləri təşkil edirdi. Rusiyada 1917-ci ildə çar hökumətini devirən bolşeviklər, keçmiş hökumətin Cənubi Qafqazı xristianlaşdırma siyasətini davam etdirmiş, yaratdıqları Sovetlər İttifaqı dönəmində Azərbaycanın Qarabağ regionunun Zəngəzur və Şuşa qəzalarının Türk-müsəlman əhalisinin tamamını, Cəbrayıl və Cavanşir qəzalarının bir hissəsini deportasiyaya məruz qoymuşlar. 1921- ci ildə Qarabağ regionunun Zəngəzur qəzası tamamilə yeni yaradılmış Ermənistan Respublikasına birləşdirildi. Hal-hazırda Qarabağ regionunun böyük bir hissəsində bir dənə də olsun Türk-müsəlman əhali yoxdur. Bu siyasəti həyata keçirmək üçün həm çar hökuməti həm də Sovetlər ittifaqı imperiyası Cənubi Qafqazda həyata keçirdiyi inzibati-ərazi idarəçilik sistemində əsasən, ancaq xristian dininə məxsus olan insanların işləməsində maraqlı idi. Bəzi rus yazarları bunu o dövrdə Qafqazda müsəlmanlar arasında ziyalı təbəqəsinin az olması ilə əlaqələndirsələr də həqiqətdə bu, belə deyildir. Çünki, 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyəti elan edildiyi dövrdə cəmi aradan bir neçə il keçməsinə baxmayaraq Azərbaycanda kifayət qədər ziyalılar olmuşdur. Bu ziyalıların demək olar ki, heç birinə istisnalar olmaqla imperiya hökuməti idarəçilikdə yer verməmişdi. Əksinə bu ziyalıların demək olar ki əksəriyyəti Sovetlər ittifaqının yaranması dövrü qətlə yetirilərək məhv edilmişlər. Çar hökumətinin o dövrdə Azərbaycan türklərinə idarəçilik sistemində yer verməməsinin səbəblərindən biri də o dövrdə imperiyanın Qafqazın tamamilə xristianlaşması siyasəti səbəb olmuşdur. Çar hökuməti bu işdə Qafqazın yerli sakinləri olan və o dövrdə imperiyanın siyasətinə uyğun hətta adları dəyişdirilərək tatar adlandırılan Azərbaycan türklərinin hökumətin bu siyasətinə qarşı çıxacaqlarını çox yaxşı bilirdi.

KAYNAKÇA

Azərbaycan tarixi.Yeddi cilddə.V cild (1900-1920-ci illər). Bakı: Elm. 2008, 696 s. + 40 səh.illüstrasiya.

Azərbaycan tarixi sənədlər və nəşrlər üzrə. Z.M.Bünyadovun redaktəsi ilə. Bakı: Elm, 1990, 384 s.

Attar A. Karabağ sorunu kapsamında ermeniler ve ermeni siyaseti. Ankara: 2005, 224 s.

Cavadov Q.C. “XIX əsrdə Azərbaycanın etnik xəritəsinə dair” - Elturan jur. Bakı: 1994, № 1-2.

Erməni terrorizm və cinayətləri: Azərbaycanda, Türkiyədə və dünyada. D.Vəliyevin red. ilə. Bakı: Elm, 1994, 184 s.

Əfəndiyev O. Azərbaycan Səfəvilər dövləti. Bakı: Şərq-Qərb, 2007, 407 s.

Əliyev İ.H. Dağlıq Qarabağ. Bakı: Elm, 1989, 120 s.

Əzizov T.Ə. Azərbaycan XX əsrin əvvəllərində. Bakı: Zaman, 1997, 256 s.

Göyüşov R. Qarabağın keçmişinə səyahət. Bakı: Azərnəşr, 1993, 83 s.

Hacıyev Q.Ə. Qarabağ tarixi. Bakı: Təknur nəşriyyatı, 2014, 228 s.

Qarabağ suallar və faktlar. Bakı: Qismət, 2005, 156 s.

Qarabağnamələr. İkinci kitab. Bakı: Yazıçı, 1991, s. 450 s.

Qazıyev Y Erməni məsələsi.Yalanlar və gerçəklər. Bakı: Nurlar, 2009, 344 s.

Mahmudov Y.M., Şükürov K. Qarabağ suallar və faktlar. Bakı: Qismət 2005, 156 s.

Mahmudov Y.M., Şükürov K. Qarabağ. Real tarix,faktlar, sənədlər. Bakı: Təhsil Nəşriyyatı, 2009, 143 s.

Məmmədov N.R. Azərbaycanın Xankəndi şəhərinin tarixi. Bakı: Təhsil, 2011, 224 s.

Muradov V. Azərbaycan xalçaları. Qarabağ qrupu. Bakı: Elm, 2010, 272 s.

Musalı N.“Səfəvilər zamanında Qarabağ bəylərbəyiliyinin yaradılması və onun inzibati quruluşu”. Qarabağ dünən, bu gün və sabah. V Respublika elmi-əməli konfransının materialları. Bakı: Qarabağ Azadlıq Təşkilatı, 2006, s.165-169.

Musalı N. “Şah İsmayıl Xətai və Qarabağ bəyləri”. Qarabağ folkloru: problemlər, perspektivlərmövzusunda II Respublika Elmi Konfransının materialları. Bakı: Nurlan, 2013, s.284-294.

Mustafazade T Karabağ Hanlığı. Aktaran Sebahattin Şimşir. İstanbul: İQ Kültür Sanat Yayıncılıq, 2014, 334 s.

Mustafazadə T. Qarabağ xanlığı. Bakı: Sabah, 2010, 333 s.

Nəcəfli T. “Qarabağ XVI əsrdə”. Qarabağ dünən, bu gün və sabah. V Ümumrespublika elmi-əməli konfransının materialları. Bakı: QAT, 2008, 237-248 s.

Nəsibzadə N.L. Azərbaycanın xarici siyasəti (1918-1920). Bakı: Ay- ulduz, 1996, 304 s.

Piriyev V.Z. Azərbaycanın tarixi-siyasi coğrafiyası. Bakı: Müəllim nəşriyyatı, 2006, 148 s.

Rəhimoğlu H. Silinməz adlar, sağalmaz yaralar. Bakı: Azərnəşr, 1997, 257 s.

Sümer F. Safevi Devletinin Kuruluşu ve Gelişmesinde Anadolu Türklerinin Rolü. Ankara, 1992.

Vəlixanlı N.M. Ərəb xilafəti və Azərbaycan. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1993, 157 s.

Vəliyev Məhəmməd Həsən (Baharlı). Azərbaycan (Fiziki-coğrafi, etnoqrafik və iqtisadi oçerki). Bakı: Azərbaycan nəşriyyatı, 1993, 192s.

RUS DİLİNDƏ

Величко В. Л. Кафказв. Русское дело и междуплеменные вопросы. Баку: Злм, 1990, 224 с.

Губернии Россиискои империи. Истории и руководители. 17081917. Редакриа МВД Россиа, М., 2003, 480 с.

Гусеинзаде Р.А. Кавказ и Армине. (Второе издание ). Баку: 2014, 486 с.

Ггоргон К. Арминское досве. Перевод с туреркого. И.Ахундова. Баку: Лзычы, 1993, 176 с.

Записки А.П. Ермолова. 1798-1826. М., 1991, 382 с.

Зелинскии С.П. Зкономическии быт государственных крествин Зангазурского уезда Елизаветполвскои губернии. т. 4., СПб., 1886.

Ишханан Б. Народности Кавказа (Статистике - зкономическое исследование). Петроград: 1916.

Кавказскии календарв на 1855 год. Изданв по распормжениго Главноначалвствугошаго гражданскои частиго на Кавказе. Под ред. Е. Кондратенко. Тифлисв: 1854.

Кавказскии календарв на 1897 год. Изданв по распормжениго Главноначалвствугошаго гражданскои частиго на Кавказе. Под ред. Е. Кондратенко. Тифлисв: 1896

Кавказскии календарв на 1905 год. Под ред. Е.Кондратенко. Издание Закавказского Статистического Комитета. Тифлисв: Типографиа А.В.Кутателадзе, 1904.

Кавказскии календарв на 1915 год: (LX г.).Под ред. А.А.Злвзенгера, Н.П.Стелвмашука: Издан по распормжениго Наместника его Императорскаго Величиства на Кавказе. Тифлисв: Типографиа Канреларии Наместника Е.И.В. Кафказв, казенныи дом, 1914, 896 с.

Маммедов Т.М. Кавҝазсҝаи Албании в IV-VII вв., Баку: 1993.

Милвман А.Ш. Политическии строи Азербаиджана в XIX - начале XX вв. Б., 1966, 218 c.

Описание Карабахскои провинуии, составленное в 1823 г. Тифлис: 1866.

Павлов И.К. Хроника времен Сефевидов (сочиненил Мухфммед- Масума «Исфахани-ас-сииас». Moskva: 1993.

Памитнаи книга Елисаветполвскои губернии на 1910 годв. Подв редакриеи Секретарл Комитета И.П.Бабенко. Типографил Канреллрии Наместника Е.И.В. на Кавказв.Тифлисв: 1910.

Памитнаи книга Елисаветполвскои губернии на 1914 годв. Подв редакриеи Секретарл Комитета И.П.Бабенко. Типографил Канреллрии Наместника Е.И.В. на Кавказв.Тифлисв: 1914.

Перваи Всеобвдаи переписв населении Россиискои империи 1897 года.(Губернские итоги). Т.Т.1-89. СПб., 1903-1905.

Перваи всеобвдаи переписв населении Россиискои империи 1897 г. Том LXIII, Елисаветполвскал губернил. СПб.: 1904, 183 с.

Перваи всеобвдаи переписв населении Россиискои империи 1897 года, Спб.: 1905, 185 c.

Рахмани А.А. Азербаиджан: граниуы и админстративное деление в конре XVI-XVII вв. Азербаиджан, Баку: Елм, 1987.

Садыхова Г. Истории Города Шуши (XIX-начало XX вв.). Баку: Нурлан, 2004, 184 с.

Сборник материалов дли описании местностеи и племен Кафказа. Тифлис:Типографил К.Козловскаго.1904

Сумбатзаде А.С. Азербаиджанры - зтногенез и формирование народа. Баку: Злм, 1990, 304 с.

Умаев А.А. Проникновение капитала в селвское хозииство Азербаиджана в 1883-1914 гг. Автореф. канд. дис. Б., 1963.

Хунджи Фазлуллах ибн Рузбихан. Тарих-и алам-араи амини. Пер. с.англ. на русскии Т.А.Минорскии. Баку: Елм, 1987.

Ш,епотвев А.Л. Доклад о спорных Кавказских территориих, на которые имеет права азербаиджанские тгорки. Баку: 2016, 87 с.

Kaynaklar

  1. Yaqub Mahmudov, Kərim Şükürov. Qarabağ. Real tarix,faktlar, sənədlər. Bakı: Təhsil Nəşriyyatı, 2009, s.11; Qasım Hacıyev. Qarabağ tarixi. Bakı: Təknur nəşriyyatı, 2014, s.9.
  2. Aygün Attar. Karabağ sorunu kapsamında ermeniler ve ermeni siyaseti. Ankara: 2005, s.2
  3. Rəşid Göyüşov. Qarabağın keçmişinə səyahət. Bakı: Azərnəşr, 1993, s.5
  4. Yagub Mahmudov, Kərim Şükürov. Qarabağ suallar və faktlar. Bakı: Qismət 2005, s.3; Nazim Məmmədov, Azərbaycanın Xankəndi şəhərinin tarixi. Bakı: Təhsil, 2011, s.31.
  5. Алисохбат Сумбатзаде. Азербаиджанры - зтногенез и формирование народа. Баку: Злм, 1990, s.145-146; Ебулгасан Рахмани. Азербаиджан: граниры и админстративное деление в конче XVI-XVII вв. Азербаиджан, Баку: Елм, 1987,s.124.
  6. Тофик Мамедов. Кавҝазсҝаи Албании в IV-VII вв., Баку: 1993, s.64; Tofiq Mustafazadə. Qarabağ xanlığı. Bakı: Sabah, 2010, s. 22
  7. Tofiq Mustafazadə T. Qarabağ xanlığı, s.23.
  8. Nailə Vəlixanlı. Ərəb Xilafəti və Azərbaycan. Bakı, 1993, s.58.
  9. Nailə Vəlixanlı. Ərəb Xilafəti və Azərbaycan. Bakı, 1993, s.58.
  10. Хунджи Фазлуллах ибн Рузбихан. Тарих-и алам-араи амини. Пер. с.англ. на русскии Т.А.Минорскоу. Баку: Елм, 1987, s.119-124.
  11. Tofiq Nəcəfli. “Qarabağ XVI əsrdə”. Qarabağ dünən, bu gün və sabah. V Ümumrespublika elmi-əməli konfransının materialları. Bakı: QAT, 2008, s.237.
  12. Yenə orada, s.239.
  13. Oktay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı: Şərq-Qərb, 2007, s.33.
  14. Namiq Musalı.“Səfəvilər zamanında Qarabağ bəylərbəyiliyinin yaradılması və onun inzibati quruluşu”. Qarabağ dünən, bu gün və sabah.V Respublika elmi-əməli konfransının materialları. Bakı: Qarabağ Azadlıq Təşkilatı, 2006, s.165-166.
  15. Tofiq Nəcəfli. “Qarabağ XVI əsrdə”. Qarabağ dünən, bu gün və sabah. V Ümumrespublika elmi-əməli konfransının materialları, s.54.
  16. Ебулгасан Рахмани Азербаиджан: гранииы и админстративное деление в конре XVI-XVII вв. Азербаиджан, Баку: Елм, 1987, c.59.
  17. Ебулгасан Рахмани Азербаиджан: гранииы и админстративное деление в конре XVI-XVII вв. Азербаиджан, Баку: Елм, 1987, c.59.
  18. Namiq Musalı.“Səfəvilər zamanında Qarabağ bəylərbəyiliyinin yaradılması və onun inzibati quruluşu”. Qarabağ dünən, bu gün və sabah.V Respublika elmi-əməli konfransının materialları. Bakı: Qarabağ Azadlıq Təşkilatı, 2006, s.167.
  19. Ирина Павлов. Хроника времен Сефевидов (сочинении Мухфммед-Масума «Исфахани-ас-сииас». Moskva: 1993, s.241.
  20. Ирина Павлов. Хроника времен Сефевидов (сочинении Мухфммед-Масума «Исфахани-ас-сииас». Moskva: 1993, s.241.
  21. Tofiq Mustafazadə. Qarabağ xanlığı, s.4, s.93; QasımHacıyev. Qarabağ tarixi. Bakı: Təknur nəşriyyatı, 2014, s.96.
  22. Tofiq Mustafazade. Karabağ Hanlığı. Aktaran Sebahattin Şimşir. İstanbul: İQ Kültür Sanat Yayıncılıq, 2014, s.153.
  23. Qarabağnamələr. Bakı: Yazıçı, 1991, s. 450, s. 5, s.4; Qarabağ suallar və faktlar. Bakı: Qismət, 2005, s.206.
  24. Кавказскии календарв на 1855 год. Tiflis, 1854, c.369
  25. Qasım Hacıyev. Qarabağ tarixi, 2014, s. 109.
  26. Арон Милвман. Политическии строи Азербаиджана в XIX - начале XX вв. Б., 1966, c. 132.
  27. Vaqif Piriyev. Azərbaycanın tarixi-siyasi coğrafiyası. Bakı: Müəllim nəşriyyatı, 2006, s.124.
  28. Сборник материалов дли описании местностеи и племен Кафказа. Тифлис:Типографил К.Козловскаго.1904, с.182; Vaqif Piriyev. Azərbaycanın tarixi- siyasi coğrafiyası, s.124; Azərbaycan tarixi sənədlər və nəşrlər üzrə. Z.M.Bünyadovun redaktəsi ilə. Bakı: Elm, 1990, s.46, 38.
  29. Azərbaycan tarixi sənədlər və nəşrlər üzrə, s.38. Vaqif Piriyev. Azərbaycanın..., s. 125.
  30. Vaqif Piriyev. Azərbaycanın..., s. 119-122.
  31. Qarabağnamələr. İkinci kitab. Bakı: Yazıçı, 1991, s. 476-478.
  32. Azərbaycan tarixi.Yeddi cilddə.V cild (1900-1920-ci illər). Bakı: Elm. 2008, s. 98).
  33. Памитнаи книга Елисаветполвскои губернии на 1910 ғодв. Подв редакпиеи Секретари Комитета И.П.Бабенко. Типографил Канреллрии Наместника Е.И.В. на КавказкТифлиск 1910, c. 1.
  34. Yenə orada, c. 11.
  35. Аловсат Умаев. Проникновение капитала в селвское хозииство Азербаиджана в 1883-1914 гг. Автореф. канд. дис. Б., 1963, c.8.
  36. Памитнаи книга Елиеаветполвскои губернии на 1910 годв, c. 4.
  37. Yenə orada, c. 3-4.
  38. Yenə orada, c. 4.
  39. Yenə orada, c. 4.
  40. Yenə orada, c. 20.
  41. Памитнаи книга Елисаветполвскои губернии на 1914 ғодв. Подв редакпиеи Секретари Комитета И.П.Бабенко. Типографил Канчеллрии Наместника Е.И.В. на КавказкТифлиск 1914, c. 32-33.
  42. Yenə orada, c. 30-31.
  43. Yenə orada, c. 29.
  44. Yenə orada, c. 30.
  45. Губернии Россиискои империи. Истории и руководители. 1708-1917. Редакпии МВД Россил, М., 2003, c.368, 466.
  46. Кавказскии календарв на 1905 год. Под ред. Е.Кондратенко. Издание Закавказского Статистического Комитета. Тифлисв: Типографил А.В.Кутателадзе, 1904, c.32-33